Bu marşrut xətlərindəki gecikmələr ARAŞDIRILIR

 10:02 11.12.2023     192

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 30 və 49 nömrəli marşrut xəttinin fəaliyyəti araşdırılıb. Günün pik saatlarında şəhərin müxtəlif ərazilərində, o cümlədən marşrutların hərəkət sxemi üzrə Yusif Səfərov küçəsi, Xocalı və Qara Qarayev prospektlərində yaranan sıxlıq nəqliyyat vasitələrinin nizamlı fəaliyyətinə maneə yaradaraq hərəkət intervalının artmasına səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib. 

Agentlikdən verilən məlumatda bildirilib ki, 30 və 49 nömrəli marşrut avtobusları günün pik saatlarında Babək prospektində yaranmış sıxlıqla əlaqədar 15-20 dəqiqə, Xocalı prospektində isə 12-15 dəqiqə gecikmə ilə hərəkət edir: “Bu amil marşrutlar üzrə dayanacaqlarda sərnişin sıxlığına səbəb olur”.

“Mütəmadi olaraq marşrut xətləri üzrə sərnişin tələbatı nəzarətdə saxlanılır daşıyıcı şirkətlərə avtobus saylarının sərnişin axınına uyğun nizamlanması tapşırılır”, - deyə AYNA-dan bildirilib.