"İki il öncə aldığımız avadanlığı üçüncü il deyirlər ki, müasir deyil" - Zaur Əliyev

 15:01 14.12.2023     255

Ölkəmizin bütün xəstəxanalarına ən müasir tibbi avadanlıqlar alınır.

Redaktor.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bugünkü mətbuat konfransında deyib.

“Özünüz də gedib baxa bilərsiz. Əlbəttə ki, bütün tibb müəssisələrimizdə istədiyimiz kimi tibbi avadanlıqlar yoxdur. Bunu da birdən-birə həyata keçirə bilmərik. Çünki buna böyük bir vəsait lazımdır. Hər il xəstəxanalarımızı proritet avadanlıqlarla təmin edirik. Səhiyyə o qədər inkişaf edib ki, iki il öncə aldığımız avadanlığı üçüncü il deyirlər ki, müasir deyil. Bunun yeni nəsil avadanlığı çıxıb və yenisini almaq lazımdır. Dinamik bir şey olduğu üçün vəsaitləri də çatdırmaq asan deyil”.

Agentlik rəhbəri xəstəxanada göz əməliyyatına götürülən xəstələrə 500 manata ABŞ istehsalı olan linza aldırılması, İTSDA-nın verdiyi Hindistan istehsallı linzaların isə keyfiyyətsiz olması barədə jurnalistin sualını da cavablandırıb. 

O, qeyd edib ki, icbari vətəndaşlara göz əməliyyatlarında tibbi sığorta hesabına Hindistan linzaları təqdim olunur.

“Bunun da keyfiyyətində hər hansı problem olmayıb. Sadəcə bizim həkimlər hər zaman məhz bu istiqamətdə vətəndaşlara deyirlər ki, daha keyfiyyətli Amerika istehsalı olan linzalardır. Ona görə də xəstəyə bildirirlər ki, əlavə ödəniş edərək, Amerika istehsalı olan linzaları ala bilərsiz. Biz bu müraciətləri nəzərə alaraq, artıq bu ildən həmin Amerika linzalarını alıb vətəndaşlara təqdim etməyə başlamışıq ki, narazı qalmasınlar. Amma bu, sırf həkimlərin müəyyən təbliğat işi əsasında vətəndaşlardan belə narazılıqlar çıxmışdı" - deyən Zaur Əliyev artıq o problemin aradan qaldırıldığını bildirib.