"Bunun hələ özünün gəlinciklərlə oynayan vaxtıdır" - Deputatdan ÇAĞIRIŞ
Bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri də erkən yaşda qızların nişanlanmasıdır. Bir neçə gün əvvəl İmişlidə, daha sonra isə Astarada azyaşlı qızlar nişanlandırılıb. Düzdür, valideynlər yaşları tamam olan zaman toy edəcəklərini desələr də, bir çox hallarda o yeniyetmələrin dini nikahla evləndirildiklərini görürük.
Bəzən valideynlərin qızlarını daha tez ərə verməsini ailədə sosial vəziyyətlə izah edirlər. Yəni sosial vəziyyətin çətinliyinə görə bir qab yeməyin belə artıq olmasını özlərinə yük bilirlər və qızlarını erkən yaşda ərə verirlər.
Mövzu ilə bağlı söhbət etdiyimiz 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputat Cavanşir Paşazadə Redaktor.az-a bildirdi ki, Azərbaycanda bu problemlər olub və davam etməkdədir. Onun sözlərinə görə, yeniyetmə qızların ərə verilməsi heç də sosial-iqtisadi vəziyyətlə bağlı deyil:
"Bu hal iqtisadi və sosial məsələlərə aid deyil, adət-ənənəyə çevrilən bir məsələdir. Təbii ki, həm cənub bölgəsində, həm Bakı kəndlərində, həm də digər rayonların hər birində bununla rastlaşmaq olur. Bu hallar olmamalıdır. Bunun əsas kökü ailədə ailə tərbiyəsindən, ailənin təməlindən, ailə ilə aparılan işlərdən asılıdır. O insanlar ki, bu gün 7-8-ci sinifdən öz uşaqlarını məktəbdən çıxarıb repetitor yanına göndərirlər, qiyabi şəkildə məktəbə adını yazdırırlar, bu hallar müzakirə etdiyimiz məsələyə böyük çətinlik yaradır və buna şərait yaradır. Məktəbdə erkən nikahla bağlı dərsliklər olmalıdır, müəllimlər bir az ciddi olmalıdır. Vaxtilə sinif rəhbərləri öz siniflərini 1-ci sinifdən 10-cu sinifə qədər aparırdılar, ümumi tərbiyələri ilə məşğul olurdular. Artıq bu məsələlər yoxdur, amma bərpa olunmalıdır. Elə sizin saytınızdan istifadə edib valideynlərə müraciət edirəm ki, bu uşaqları, bu körpələri erkən nikaha cəlb etməyin. Hələ bu özü körpə ola-ola hansı ailədən, hansı uşaq dünyaya gətirməkdən söhbət gedə bilər? Arvadlıq nədir? Gəlinlik nədir? Bunun hələ özünün gəlinciklərlə oynayan vaxtıdır. Uşaqdır, gedir düşür fərqli mühitə, dözə bilmir, sonra da ailə dağılır. Nəticədə üç insanın həyatına zərbə dəyir. Qadın boşanır, uşağı tək böyüdür, övlad valideynlərindən biri ilə qalır, birindən məhrum olur, ata da elə ömrünün axırına qədər əziyyət çəkir. Bu məsələlərlə həm Elm və Təhsil Nazirliyi, həm bizim vətəndaşlarımız, həm məktəblə müəllim mübarizə aparsınlar. Maksimum qınanmalıdır ki, bu məsələlər azalsın".
Humay İSGƏNDƏRLİ