"Gərək cəld reaksiya mexanizmi olsun" - Ekspertdən AQTA və İqtisadiyyat Nazirliyinə İRAD
Bakıda marketlərin birində vaxtı keçmiş dovğalar satılır. Problemi market əməkdaşına bildirdikdə isə verdiyi cavab belə olub: “Marketin işçisi yoxdur, ona görə bu hal yaşanıb”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına birbaşa sahibkarlar məsuliyyət daşıyırlar:
“Vaxtı keçmiş məhsulların istehlaka təqdim olunması yolverilməzdir. İnsanların həyat və sağlamlığına təhlükə törədən hallara qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Görüntülərdə bəhs olunan halla bağlı agentlik tərəfindən yoxlama aparılaraq zəruri tədbirlər görüləcək”.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təəssüflə bildirdi ki, Azərbaycanda belə halllar var.
Onun sözlərinə görə, bu cür hadisələr ildən-ilə azalsa da, lakin mövcuddur.
"Yəni belə halı görən istehlakçı mütləq və mütləq o dəqiqə dövlət orqanlarına xəbər verməlidir. Dövlət orqanları əgər effektli işləsələr, - təəssüf ki, bu da yoxdur, - satıcını 1500 manat cərimə gözləyir və heç də istehsalçının işi deyil. Yəni "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda qeyd olunur ki, bütün hallarda satıcı cavab verir, satıcı gərək onu satışdan çıxarmış olsun. Yəni heç bir bəhanə ola bilməz ki, işçi azdır. Bunun heç bir dəxli yoxdur və təəssüflər olsun ki, biz dövlət orqanları arasında sıx əməkdaşlıq əlaqəsini görmürük. Bir məsələ olur, mən yazıram İqtisadiyyat Nazirliyinə ki, istehlakçı hüququ pozulub, kassa çeki verilməyib. Mənə cavab gəlir ki, kassa çekinin verilməsi barədə vergi orqanlarına müraciət edin. Nə üçün dövlət orqanlarından biri görür ki, qanun pozulub, o biri dövlət orqanına xəbər vermir? Burada da gərək AQTA-ya məlumat veriləndən sonra onlar dərhal İqtisadiyyat Nazirliyinə də məlumat verərdilər və orada ciddi araşdırmalara başlayardılar. Təəssüf ki, bu hallar var. Əlbəttə, AQTA-nın "tədbir görəcəyik" deyib gələcək zamana qoyması sual altındadır. Gərək cəld reaksiya mexanizmi olsun, orada cəld yoxlama keçirilsin. O ona görə də azad Azərbaycan istehlakçıları apteklərdə növbədə duran istehlakçılardır, həkimlərə çoxlu gedən istehlakçılardır", - deyə E.Hüseynov vurğuladı.
Həmidə İBRAHİMLİ