"Təəssüf ki, xəyanət olanda bir sıra kişilər və qadınlar tolerant yanaşa bilmirlər" - Sosioloq
Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin sonuncu iclasında deyib ki, Azərbaycanda gündə 2-7 arası qadın öldürülür.
“Bu da il ərzində neçə mindən çox qadının öldürülməsi deməkdir. Bunun səbəbi “TikTok”dur, Azərbaycandakı bəzi filmlərdir. Kişi Rusiyaya gedir, gəlir arvadını öldürür”, - deyə deputat bildirib.
Doğrudanmı Azərbaycanda qadınların öldürülməsi "TikTok" və filmlərlə bağlıdır?
Məsələ ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, bizdə məişət zorakılığı deyəndə ancaq kişilər tərəfindən qadınlara qarşı işlədilən müxtəlif zorakılıq növlərindən bəhs edirlər.
Onun sözlərinə görə, əfsuslar olsun ki, qadınla kişini qarşı-qarşıya qoyurlar:
"Mən bu yanaşmanın əslində əleyhinəyəm. Ümumiyyətlə, məişət zorakılığı dəyərkən təkcə kişilərin qadınlara qarşı tətbiq etdiyi zorakılıq formalarından söhbət getmir. Burada həm də qadınların kişilərə qarşı zorakılıq addımlarından söhbət gedir. Eyni zamanda, ailə təkcə qadından və kişidən ibarət deyil ki. Bir də görürsünüz ki, uşaqlara qarşı qadınlar tərəfindən, atalar tərəfindən zorakılıqlar tətbiq olunur və yaxud da ki, böyük nənəyə qarşı, babaya qarşı da zorakılıq halları var. Bilirsiniz, bu məişət zorakılığı geniş anlayışdır. Çox əfsuslar olsun ki, məişət zorakılığına məhz feminist dalğanın təsiri ilə qadına qarşı zorakılığa feminist donu geyindirirlər. Mən belə yanaşmanın əleyhinəyəm. Ümumiyyətlə, qadınlara qarşı zorakılıq nədən qaynaqlanır? Mən millət vəkilinin fikirlərinə hörmətlə yanaşıram. Hörmətli millət vəkilinin səsləndirdiyi arqument bir çox arqumentlər içərisində olan arqumentlərdəndir. Ancaq deməli, bu arqument yeganə arqument deyil. Yəni tək buna görə deyil. Bilirsiniz ki, qadınlara qarşı və yaxud da kişilərə qarşı zorakılığın müxtəlif növləri, formaları və səbəbləri var. Məsələn, iqtisadi zorakılıqlar var, emosional, psixoloji zorakılıqlar var, cinsi zorakılıqlar var. Ən çətin zorakılıq növü də məhz emosional zorakılıqdır ki, onu müəyyən etmək, təyin etmək çox çətindir. Məsələn, açıq etiraf edək ki, bəzən deyirlər kişilər qadınları döyür, kişilər qadınları öldürürlər. Ancaq nədənsə unuduruq ki, qadınlar tərəfindən kişilərə qarşı olan həm fiziki, həm də emosional, psixoloji zorakılıqlar var. Yəni bu məqamlara görə, məsələyə hərtərəfli yanaşmalıyıq. Zorakılığın səbəbləri içərisində qısqanclıq zəmini ola bilər, xəyanət zəmini ola bilər. Çox əfsuslar olsun ki, məsələn, bəzən qısqanclıq və yaxud da xəyanət tipli hallar olanda bir sıra kişilər və yaxud qadınlar tolerant yanaşa bilmirlər və məsələyə emosional yanaşırlar. Emosional yanaşdığına görə də öz hərəkətlərinə nəzarət edə bilmirlər, çılğın bir vəziyyətdə olurlar, bir-birinə qarşı belə bir zorakı formaları tətbiq edirlər. Ancaq yenə qeyd edirəm, buna təkcə sosial şəbəkələr təsir etmir. Düzdür, internet resursları, sosial şəbəkə vahidləri, ümumiyyətlə xəyanət hallarının aşkara çıxarılmasında, üzə çıxmasında xidməti var. Ancaq bu əsas faktor deyil, yəni yanaşı faktorlar da var".
Sosioloq onu da qeyd etdi ki, zorakılıq məsələləri ilə bir az kompleks məşğul olmaq lazımdır.
"Yəni nə deməkdir? Hesab edirəm ki, ailələrlə işləyən əlavə bir işçilərə ehtiyac var. Ailə psixoloqları, ailələrlə işləyən sosial işçilər ola bilər. Çox yaxşı olar ki, ailə böhran mərkəzləri çoxalsın, münaqişəli ailələr qeydə alınsın, həmin münaqişəli ailələrlə sosial işçilər iş aparsın, psixoloqlar iş aparsın və Ailə, Qadın, Uşaq Komitəsinin yerlərdə, bölgələrdə, eyni zamanda paytaxtda ştat vahidləri artırılsın. Onlar yerli icra strukturları ilə birlikdə münaqişəli ailələri qeydə alsınlar, işlər aparılsın. Eyni zamanda, çox yaxşı olar ki, orta məktəblərdə, ali məktəblərdə ailə dəyərləri aşılansın, oğlanlara və qızlara bir-birinə rəftar aşılansın. Yəni ana və ata dəyərləri nə deməkdir, ər-arvad münasibətləri nə deməkdir, uşaq olan ailədə özlərini necə aparmalıdır, ailə böhranlı vəziyyətlərdən necə çıxmalıdır kimi dəyərlər aşılanmalıdır. Hesab edirəm ki, müxtəlif strukturlar tərəfindən bax belə bir funksionallıq təmin olunarsa, ailə münaqişələrinin və ailə böhranlarının, eləcə də boşanmaların xeyli qarşısı alınmış olar. Ailədə məişət zorakılığının da cinayət hadisəsi baş verməyənə qədər qarşısını almaq olar. Bunun üçün yetər ki, müvafiq qurumlar öz funksionallığını artırsın və onların bir qədər də əhatə dairələri genişləndirilsin və ailələrlə iş aparılsın. Məişət zorakılığı ilə bağlı çox yaxşı olar ki, mütəmadi olaraq televiziyalarda, sosial şəbəkələrdə, istifadəçilərin sayı çox olan media vasitələrində də işlər aparılsın, eyni zamanda həmin ailələrlə görüşülsün", - deyə Üzeyir Şəfiyev bildirdi.
Həmidə İBRAHİMLİ