"Uşaqların həm valideynlər, həm də dövlətin himayəsinə ehtiyacı var" - Sosioloq
Azərbaycanda hər bir uşağa uşaqpulu verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur.
Xüsusilə, aztəminatlı ailələr övladlarının gündəlik xərcləri üçün bu yardıma ehtiyac duyduqlarını bildirirlər. Hətta uşaqların tələbatını ödəməmək təşvişi ailələrdə daha az uşaq dünyaya gətirmək istəyi ilə nəticələnir.
Onların bu tələbini bir çox ictimai-siyasi fəal şəxslər də dəstəkləyir. Məsələni millət vəkilləri də işıqlandırmağa başlayıblar.
Bəs, uşaqpulu nə üçün vacibdir?
Bəzi demoqrafik artıma meyilli olmayan ölkələrdə hər uşağa görə dövlət müavinət ödəyir. Ailədə uşaq sayı artdıqca, uşaqlar üçün müavinətlərin məbləği də artırılır.
Bəzi mütəxəssislər düşünürlər ki, Azərbaycanda son dönəmlər demoqrafik problem yaranıb. Hökumət çoxuşaqlılığı təşviq etmək üçün uşaq pullarının verilməsini bərpa etməlidir.
Bir qism mütəxəssis isə digər ünvanlı sosial yardımların mövcudluğunu əsas gətirərək uşaqlara əlavə yardım verilməsinə ehtiyacın olmadığını düşünür.
Yaranmış vəziyyəti Redaktor.az-a şərh edən sosioloq Nail Cəlil bildirdi ki, dövlət kimliyindən asılı olmayaraq hər bir vətəndaşın minimum tələbatını ödəməyə borcludur:
"Təbii ki, bu, qarşılıqlı sosial təhlükəsizlik məsələsidir və bu məsələyə dövlətin sosial siyasəti çərçivəsində diqqət yetirilir. Amma görünən odur ki, problem qalır və problemin izahı və şərhini bir az ciddi əsaslandıra bilmirsən. Niyə verilməlidir və yaxud niyə verilməməlidir, kimlərə verilməlidir, kimlərə yox? Yəni bu, həddən artıq müzakirə olunur".
Onun sözlərinə görə, hamı bu yardımdan faydalanmalıdır:
"Sadəcə olaraq burada müəyyən istisnalar ola bilər ki, məsələn valideynin hər şeyi var və övladını küçəyə atır. Yəni burda qanunvericilik nəzərə alınmalıdır. Və ya valideyn var deyir ki, özü pis yaşasın, amma övladının hər şəraitini təmin etməyə çalışır. Dövlət bütün hallarda vətəndaşların fədakarlıq baxımından hüquqlarının pozulmasına qarşı sosial himayə tədbirləri seçməlidir. Digər tərəfdən, xüsusən uşaqların həm valideynlər, həm də dövlətin himayəsinə ehtiyacı var. Uşaq Hüquqları Konvensiyasına Azərbaycan da qoşulub. Bu baxımdan varlı, kasıb, yoxsul, orta təbəqəyə aid olmasından asılı olmayaraq, dövlət minimum tələbatı ödəməlidir və bərabər inkişafa şərait yaradılmalıdır. İstedadlı şəxslərlə bağlı dövlətin xüsusi proqramı var".
Sosioloqun fikrincə, bu proqramlar tətbiq edilsə, sosial proqramlar və xidmətlər çərçivəsində genişləndirilsə, uşaq pulu məsələsi də, sosial yardımların ünvanlılığı da, əlçatanlığı da geniş olar:
"Təbii ki, tək sosial yardımlar deyil, maaşlar da, büdcə ödənişləri də var. İş rejimi ilə bağlı insanlar çox işləyib, az qazanır. Amma müasir, modern cəmiyyətlərdə az, keyfiyyətli və səmərəli çalışıb, daha çox qazanmaq və daha çox özünə vaxt ayırmaq inkişafa səbəb olur. Elmi, təhsili, sosial və iqtisadi rifahı daha çox önə çəkə bilir. Çünki hazırlıqlı insan kapitalı olaraq çıxış edirik. İstismar olunan insan, çətinliklə üzləşən insan o kapitalı yarada bilmir. Yəni o inkişafa tövhə verə bilmir. Bu incəliklər hökmən nəzərə alınmalıdır. Bu, həm sosial-iqtisadi məsələdir, həm də sosioloji bir strategiyadır ki, cəmiyyətin rifahını düşünmədən ondan bir fayda, səmərə gözləmək mümkün deyil. Daha ciddi, əsaslı, təkmil və bir az dərindən yanaşsalar, yaxşı olar".
Həmidə İBRAHİMLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.