"Ana olmaq istəməyən qadınlarımız çoxalır" - Sosioloq
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib ki, boşanmalar, qızların ana olmaq istəməməsi böyük problemdir.
“Bizdə həmişə var olan möhkəm ailə institutu dağılır. Boşanmalar, abort halları, qızların ana olmaq istəməməsi böyük problemdir", - deyə deputat qeyd edib.
Niyə deputatın sadaladığı bu hallar günü-gündən artmaqdadır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, bunun çox səbəbləri var.
Onun sözlərinə görə, abort halların əksəriyyətində arzuolunmaz hamiləliklər olur:
"Ya azyaşlıların abortu olur, ya da ailədə istənməyən hamiləlik olur. Bunun cahillikdən, etinasızlıqdan çox səbəbi var ki, hamiləliyə qədər aparır, halbuki hamiləlikdən qorunmaq üçün yollar var. Daha ucuz və daha sağlam yollar. Digər tərəfdən qızların ana olmaması məsələsində istəklər fərqlidir. Çünki təhsilə görə, karyeraya görə, ailə vəziyyətinə görə, sosial maddi rifaha görə, psixoloji vəziyyətinə görə müxtəlif səbəblərdən ana olmaq istəməyən qadınlarımız çoxalır. O da təbii ki, özünü demoqrafik vəziyyətin tarazlığının pozulmasına gətirib çıxarır.
Boşanma halları da günü-gündən artır. Bu barədə ümumiyyətlə, çox danışırıq, deyirik, amma heç bir nəticəsini görmürük. Məncə, bu vəziyyətə artıq bir çarə etməyin vaxtıdır. Əlaqədar komitə nəhayət ki, bununla bağlı nəsə bir iş görməlidir. Belə davam edə bilməz. Boşana-boşana Azərbaycan elə bir vəziyyətə gəlib çıxıb ki, ailə dəyərləri, ailə institutu təməli hamısı demək olar sarsılan vəziyyətdədir. Əvvəl deyirdik sarsılmaq üzrə gedir, dağılmaq üzrə gedir. İndi artıq dağılıb, sarsılıb. Necə toparlayacaqlar, necə yığılacaq bu vəziyyəti, bax, orası bir az naməlumdur".
Həmidə İBRAHİMLİ