TƏBİB region xəstəxanalarının maddi-texniki bazasını gücləndirir
Bərdə Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.
TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, şöbədə müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.
Kəskin, xroniki böyrək çatışmazlığı zamanı xəstələrin şöbədə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yeni hemodializ aparatlarının alınması ilə çarpayı sayı 25-ə çatdırılıb.
8 həkim-nefroloqun fəaliyyət göstərdiyi şöbə ultrasəs və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlarla tam təchiz olunub.
Qeyd edək ki, şöbə ay ərzində 140-dan çox pasiyentə 1 600-dən çox hemodializ seansı aparmaqla fəaliyyət göstərir.
TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin infrastrukturunun və maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərin davamı kimi Balakən Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) fəaliyyətə başlayıb.
Yeni KT nativ çəkiliş, eləcə də 3D görüntüləmə, yüksək ayırdetmə və aşağı dozalı skanetmə qabiliyyətinə malikdir.
Qeyd edək ki, kompüter tomoqrafiyası daxili orqanların, sümüklərin, yumşaq toxumaların təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. Bu metodun əsasını rentgen şüalarının istifadəsi təşkil edir. Adi rentgen müayinəsindən fərqli olaraq, kompüter tomoqrafiyası bir sıra toxumaların, həmçinin ağciyərin, sümüklərin təfərrüatlı görüntüsünü verir, görüntüləməni real zaman rejimində təmin edir.