Ailəyə müdaxilə edən qayınata və qayınanaya evə gəlmək qadağan oluna bilər - Hüquqşünas

 16:27 27.12.2023     430

Xəbər verdiyimiz kimi, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişikliklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəksə, bu, məişət zorakılığı hesab ediləcək.

Bəs, onları hansı cəza gözləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Əsabəli Mustafayev dedi ki, nə İnzibati Xətalar Məcəlləsində, nə də ki, Cinayət Məcəlləsində məişət zorakılığının adı çəkilir:

"Praktikada da məişət zorakılığı əgər cinayət səviyyəsinə gəlirsə, yəni sağlamlığa xəsarət yetirilibsə o, döymə kimi qiymətləndirilir. Mütəxəssislər, o cümlədən biz hüquqşünaslar, çoxdan deyirik ki, bunu dəqiq göstərmək lazımdır. Cinayət Məcəlləsində də, İnzibati Xətalar Məcəlləsində də mütləq öz əksini tapmalıdır. Tapanda da biz bunu statistikada görəcəyik ki, ildə neçə nəfər inzibati xəta ilə cəzalandırılıb, neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Statistikada olanda onu elmi cəhətdən işləmək olur. Yəni bunun səbəbləri, nəticələri, cəmiyyətə təsiri nədir? Nə etmək lazımdır? Nə qədər ki, statistika yoxdur, heç bir mütəxəssis, alim onu işləyə bilməyəcək. Həm adi küçədə döyəndə də, həm də məişət zorakılığı zamanı döyəndə eyni maddə tətbiq olunur". 

Hüquqşünas vurğuladı ki, düzgün olaraq müvafiq komitə praktikaya istinad edərək mütəxəssislərin konfranslarda, iclaslarda, təkliflərini nəzərə alaraq belə bir təklif edib.

"Yaxın qohum yox, ümumiyyətlə, bir yerdə yaşayan insanlar tərəfindən müdaxilə törədilirsə, onda bu məişət zorakılığı sayılır. Əgər məişət zorakılığı varsa, onun qurbanının artıq müdafiə hüququ var. Pulsuz hüquqi yardım, sosial təminatı, sonra sığınacaqlara yerləşdirilməsi hüququ var. Daha çox qurbana yönəlmiş bir dəyişiklikdir, zorakılığı törətmiş şəxslərə yox. Yəni qurbanın məsuliyyəti gücləndirilsin. Təklif daha çox qurbanın statusuna yönəlib ki, gəlin döyülübsə, kimdir? Bir var, sadəcə küçədə döyülmə, onda qanun deyir ki, hə, get polisə şikayət et. Məişət zorakılığıdırsa, artıq dövlət buna müdaxilə etməlidir. Məişət zorakılığıdırsa, mühafizə orderi verilə bilər. Əgər bir yerdə yaşayırlarsa, kim zorakılığı törədibsə, ona evə gəlmək qadağan oluna bilər. Daha çox qurbanın müdafiəsinə yönəlmiş təklifdir", - deyə Əsabəli Mustafayev bildirdi.

Humay İSGƏNDƏRLİ