"BakıKart" sərnişinləri boğaza yığıb

 12:45 28.12.2023     530

Bakının "BakıKart"la olan problemləri bitmək bilmir. Ya karta ödəniş etmək üçün kifayət qədər ödəmə aparatları tapmaq mümkün deyil, ya da telefon vasitəsilə onlayn ödəmədə pul karta gec yüklənir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, “BakıKart” Azərbaycanda tətbiq olunan ilk onlayn ödəniş mexanizmidir.

"Bakıkart" həm metroda, həm avtobusda insanların kartla ödəniş funksiyalarına kömək etdi. Amma hər bir yenilik özü ilə müəyyən problemlər də gətirib. “BakıKart”ın da problemləri təəssüflər olsun ki, çox oldu, çünki sistemi düzgün qurmadılar. Bakı Nəqliyyat Agentliyi çox boşluq buraxdı. “BakıKart”lar gah işlədi, gah işləmədi, çox ciddi problemlər yaşandı. Amma düşünürəm ki, bu problemlərin həlli mümkündür. Ancaq çox böyük vəsait tələb olunur. İndi təsəvvür edin, “BakıKart”ı quran bir türk şirkəti idi. İndi başqa bir şirkət o işi görməlidir və yaxud da həmin şirkət gəlib burada yeniləməlidir, ya format etməlidir, ya da texnologiyaların ən müasir variantlarını tətbiq etməlidir. Bu problemlər bununla əlaqədardır. Amma hazırda kartlar işləyir. Gələcəkdə bu kartlar Sumqayıtın ictimai nəqliyyatında da tətbiq olunacaq. Sadəcə yükləmə problemləri var ki, bəli, görürsünüz ki, müəyyən çətinliklər yaşanır. Bunun üçün də müəyyən funksiyalar yaradılır. Əsas odur ki, bu yenilik tətbiq olundu və bunu inkişaf etdirmək lazımdır. İstənilən halda tətbiq olunan hər bir yeniliyin özünün yenilənməyə ehtiyacı yaranır. Bu texnologiyaların tətbiqindən irəli gələn məsələdir ki, bunu unutmamalıyıq".

Qeyd edək ki, "BakıKart"a ödəniş "MilliÖn" vasitəsilə həyata keçirilir, digər ödəniş terminallarından etmək mümkün deyil. Məsələyə münasibət bildirən ekspert dedi ki, bu, yükləmə terminallarının özlərinin problemidir:

"Həmin terminal funksiyanı yerinə yetirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməlidir. Yəni təklif onlardan gəlməlidir. Nəzərə alaq ki, onlar özəl qurumlardır, təkliflərini dövlət dəyərləndirə bilər. Ancaq müəyyən qədər dediyim kimi, bu yeniliklər ictimai nəqliyyat sektoruna inkişaf gətirib. Yaxşı nəticə gözləyirik. Sadəcə bəzən neqativlər də ortaya çıxır. Bu şirkətləri ya aidiyyatı qurum özü dəvət etməlidir ki, gəlin əl-ələ verək işləyək. Sizin nə təklifiniz var? Dəyərləndirsinlər, insanlar üçün də rahat olsun. Çünki tamamilə doğru qeyd edirsiniz ki, bəzi yerlərdə “MilliÖn” var, bəzilərində “E-manat”. Yəni vətəndaş əziyyət çəkməməlidir, istənilən ödəmə imkanı vətəndaşa əlçatan olmalıdır, rahat olmalıdır".

Həmidə İBRAHİMLİ