"32 yaşlı kişinin 12 yaşlı qıza marağı pedofillikdir" - Mehriban Zeynalova

 16:33 29.12.2023     1615

Xəbər verdiyimiz kimi, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.

İctimai şəxslər həmin 32 yaşlı kişinin cəzalandırılmasını, valideynlərin isə valideynlik hüququnun əlindən alınmasını təklif edirlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dedi ki, o ailə uşağı erkən vaxtından bu mövzuya alışdırmağa çalışır:

"Evdəki mövzular evlilik, ərə getmək və s. olur. Uşağın təhsil maraqlarını təmin etmir, təhsilə stimullaşdırmırlar. Ola bilsin, onların "baş bilənləri" yəni böyükləri - baba, nənə öz hökmündən istifadə edib uşağı məcbur etsin ki, ailə qursun. Bir çox hallarda belə ifadə işlədirlər ki, uşağın özü istəyib, özü razılaşıb, bu, absurddur. 12 yaşlı uşağın o yaşda adama ərə getmək istəməsi yalnız o hallarda ola bilər ki, ailə yalnız bu mövzunu müzakirə edir, gecə-gündüz beyin yuma əməliyyatı edir. Uşağa təsir edirlər və uşağın bütün maraqlarını təhsilə yox, evliliyə yönəldirlər. Bu halda ola bilsin uşaq yalnız evlilik barədə düşünər və yaxud buna maraq göstərir. Yəni 12 yaşlı uşağın özünün öz həyatı ilə bağlı qərar qəbul etməsi və buna razılıq verməsi mümkünsüzdür. Hesab edirəm ki, burada mütləq şəkildə valideynin təsiri və məcburetmə halları mövcuddur. Yəni orada ailənin mühitini öyrənmək lazımdır ki, istənilən halda uşağın iradəsinin əleyhinə qərar verirlər. Bəzi hallarda icra hakimiyyəti filan deyir ki, uşaq üçün getdik, danışdıq, uşaq buna razılıq verdi. Bura Avropa deyil ki, uşaq müstəqil böyüyə, öz qərarını verə. Valideynlə bağlı belə qərar qəbul edilməlidir ki, digərləri üçün də bu bir örnək olsun ki, sən uşağına əmlak kimi baxa bilməzsən".

Müsahibimiz əlavə etdi ki, qarşı tərəf istənilən halda buna razılıq versə, bu, şəxs azyaşlıya meyillikdir.

"Sənin kimi yetkin bir şəxsin 12 yaşında uşağa marağın nə ilə bağlıdır? Bunu pedofil kimi qiymətləndirmək olar və onu "qara siyahı"ya da salmaq olar. Bilmək olmaz onun haqqında da araşdırma aparmaq olar ki, niyə azyaşlıya meyllənir? Onun psixoloji durumu nəcədir? 12 yaşında uşaq evlənərsə, bunu insan alveri kimi də qiymətləndirmək olar. Bu dünyada erkən nikahın müəyyən elementləri var ki, o insan alveri kimi qiymətləndirilə bilər. Çünki azyaşlı ilə münasibət artıq həm pedofillikdir. Neçə dənə insan hüququnu məhdudlaşdırırsan. Burada elementlər müəyyən oluna bilər. Əgər evlənmiş olsaydı, onu qapalı vəziyyətdə saxlasaydı, onu təhsildən yayındırsaydı, ondan doğuş obyekti kimi istifadə etsəydi insan alveri kimi qiymətləndirilə bilərdik. Amma bunu pedofil kimi qiymətləndirmək olar", - deyə M.Zeynalova bildirdi.

Humay İSGƏNDƏRLİ