"Əmin olun ki, 2 ilə o qızın evlilik xəbərini eşidəcəyik" - Lalə Mehralı

 16:05 30.12.2023     555

Sabirabad rayonunun Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişinin nişanlanması ciddi müzakirələrə səbəb olub. Bəziləri təklif edir ki, bu cür valideynlərlə bağlı hüquqi addımlar atılamlıdır.

Maraqlıdır, qızlarını erkən evliliyə sövq edən valideynlərə qarşı hansı hüquqi ölçülər götürülə bilər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, bu mövzuda kəlmələri elə formada seçmək, elə formada demək, danışmaq, yazmaq lazımdır ki, o qızın gələcək həyatına təsiri olmasın, onu hazırda məruz qaldığı təsirdən xilas etmək mümkün olsun.

Onun sözlərinə görə, əlaqədar komitə açıqlama verib ki, məsələ nəzarət altına götürülüb, psixoloji dəstək alacaq, valideynlərlə söhbət aparılıb:

"Amma 12 yaşında bir qızı nişanlayan valideyn beş il onu nişanlı saxlamayacaq. Buna əmin olun ki, bu il olmasa belə, növbəti 2 ilə o qızın evlilik xəbəri mətbuata düşəcək. Valideynlər ən yaxşı halda 2000 manat cərimə olunacaq və dövlət bununla da öz işini bitmiş hesab edəcək. Əlaqədar komitə "tədbir görürük" deyəndə bu cür tədbirləri nəzərdə tutur. Mən başa düşürəm, komitə nə edirsə qanunlar çərçivəsində edir, amma qanunları sərtləşdirmək lazımdır. Ciddi formada ağırlaşdırılmış həbs cəzası təyin etmək lazımdır. 1000 manat, 2000 manatla bir ailə bu məsələdən yaxa qurtara bilirsə, digər ailə də belə bir şeyə cəsarət edəcək. Siz uşağın danışığını gördünüz? 12 yaşında bir uşağın danışığı kimi danışmırdı. Çox ölçərək, biçərək sözlərinin hara varacağını hesablayaraq danışırdı. Oxşayır ki, bu məsələ çoxdan var və bu qızın ağlına ən azı bir iki il bundan öncə nişan məsələsi yeridilib və bu qız artıq bişmiş hesab olunur. Ailədə lazımı qədər onu manipulyasiya edib bişiriblər, ona görə də o cür rahatlıqla danışa bilir.

Onun tayları əlində vurma cədvəli dərs oxuyur, amma o qız ailədə siz təsəvvür edin hansı psixoloji vəziyyətlə tərbiyə olunubsa, o artıq xoşbəxt olmaq, evlənmək, sevmək, xoşu gəlmək cümlələrini o qədər rahatlıqla seçir, danışır. Danışığında həyəcanlanma, kəkələmə, narahatlıq hiss olunmur".

Valideynlərin cəzalandırılması məsələsinə gəlincə, Lalə Mehralı hesab edir ki, hüquqi tədbirlər belə vəziyyətlərdə yetərsiz qalır. 

"Nişanlayırlar, yəni evləndirməyiblər. Qanunlarımızda nişanlılıq məsələsində heç bir cəza tətbiq eləmir. Yəni burada hər hansı bir qanuni evlilik formasından söhbət getmədiyi üçün nişanlılıq tərəflərin öz istəyi ilə hər hansısa bir məclisi həyata keçirmələri demək olduğuna görə qanun burada nəsə tətbiq edə bilmir. Amma hesab edirəm ki, qanun bax, bu cür düşüncə ilə nişan mərasimi keçirib o qızın barmağına üzük taxıb boynuna şal atan valideynlərə qarşı da elə əvvəldən tədbir görməlidir ki, bu barədə fikirləri ağıllarından çıxartsınlar", - deyə sosioloq bildirdi.

Həmidə İBRAHİMLİ