Təxliyə edilən körpələrin vəziyyəti AÇIQLANDI

 17:51 10.01.2024     166

Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir: "Hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir. Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb".

"Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir. Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz (KTM), KTM-in nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir. Uşaqlardan 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb", - məlumatda bildirilib.

Qeyd edək ki, TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.

Xatırladaq ki, yanvarın 9-u Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.