"Həmin yol işıqlandırılmalı, qəza zamanı əraziyə çatmağı asanlaşdıran yol ötürücüləri qoyulmalıdır"

 12:31 18.01.2024     341

"Əgər söhbət həmin təzə yoldan gedirsə, orada sürət həddini bildirən hər hansı bir nişan qoyulmayıb. Sadəcə, magistral yol olduğunu bildirən yol nişanı qoyulub".

Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunda son zamanlar müşahidə edilən yol qəzalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, magistral yol olmasına baxmayaraq, həmin yolda sürücülərin hansı sürətlə avtomobili idarə etməsinə nəzarət etmək də mümkün deyil:

"Hər hansı bir xüsusi cihazlar da yoxdur. Düzdür, Azərbaycanda maksimal sürət həddi saatda 110 kmdir. Buna baxmayaraq, tutaq ki, həmin yolda saatda 200 km sürətlə hərəkət edən sürücünü hər hansı bir maddə ilə cərimə etmək mümkün deyil. Onu cərimə etmək üçün orada maksimal sürət həddini göstərən nişan olmalıdır və yaxud da ki, radar olmalıdır. Ona görə düşünürəm ki, mütləq həmin yolda maksimal sürət həddini bildirən, yəni saatda 110 km sürəti bildirən yol nişanı qoyulmalıdır. Bununla yanaşı, həmin yol mütləq işıqlandırılmalıdır. Həmin yolda xüsusi ilk təcili tibbi yardım köşkləri qoyulmalıdır. Operativ nəqliyyat vasitələrinin qəza olan zaman əraziyə vaxtında çatmasını asanlaşdıran müəyyən yol ötürücüləri qoyulmalıdır. Keçidlər olmalıdır ki, qəza zamanında vaxtında həmin qəzaya düşmüş şəxslərin köməyinə çata bilsinlər".

Həmidə İBRAHİMLİ