"Aliment ala bilməyən qadınların yarısının rəsmi nikahı yoxdur" - Tamam Cəfərova
"Regionlarda aliment ala bilməyən qadınların təxminən 50 faizinin rəsmi nikahı yoxdur, bu da aliment məsələsində ciddi problemlərə gətirib çıxarır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Tamam Cəfərova komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, erkən nikahlar və qızların təhsildən yayınması halları da artır.
“Bu məsələlər də parlamentdə keçirilən dinləmələrin gündəminə daxil edilsə yaxşı olar”, - deyə T.Cəfərova bildirib.
Deputat Sədaqət Vəliyeva isə parlamentdə boşanmalarla bağlı dinləmənin keçirilməsini təklif edib.
O, Dövlət Statistika Komitəsinin hesabatlarında ölkədə boşanmaların sayının artdığını qeyd edərək bu cür müzakirəyə zərurət yarandığını söyləyib:
“Hesab edirəm ki, aidiyyəti dövlət qurumları ilə birlikdə boşanmaların sayının artmasında əsas olan səbəbləri müzakirə etməliyik”.
Komitə sədri Hicran Hüseynova isə deyib ki, dinləmədə təkcə boşanmaları yox, eləcə də başqa vacib məsələləri birləşdirib müzakirə etmək olar.