"Azərbaycanda da dördgünlük iş rejimini gözləyirik" - Nail Cəlil
Xəbər verdiyimiz kimi, Almaniyada fevralın 1-dən dördgünlük iş həftəsinə keçidlə bağlı pilot layihəyə start verilib. 6 ay davam edəcək layihəyə 45 şirkət qoşulub. Dördgünlük iş həftəsi ilə bağlı sınaqlar ölkənin əmək bazarında müşahidə edilən böhran fonunda keçiriləcək. Layihənin məqsədi iş günlərinin sayının azaldılmasının əməyin məhsuldarlığını artırmağa imkan verib-verməyəcəyini müəyyən etməkdir.
Bununla da, Almaniyada işçilər əvvəlki maaşları saxlanılmaqla həftədə 1 gün daha az işləyəcəklər.
Bəs, Azərbaycanda da bu kimi layihələr həyata keçirilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Nail Cəlil bildirdi ki, o, hətta müəyyən şərtlər daxilində üçgünlük iş rejiminin tərəfdarıdır.
Onun sözlərinə görə, pilot layihəni mərhələli bir şəkildə həyata keçirmək olar:
"İndi işlərin 50 faizi onlayn görülə bilən elektronika, kompüter texnologiyası ilə bağlı olan işlərdir və bu işlərin əksəriyyətini evdə və yaxud işdən kənarda belə onlayn şəkildə rahat yerinə yetirmək mümkündür. Bunu nəzərə alaraq hətta mən deyirəm ki, dörd günlük iş rejimi bir qədər çoxdur. Yəni yəqin ki, Avropada üç gün ətrafında da fikirləşirlər. Almaniya bunu pilot layihəsi kimi tətbiq edirsə, bu, gözlənilən real addımdır. Bunun başlıca səbəblərindən biri də məsələn, ailə məişət problemləri, məişətlə bağlı yaşanan vəziyyət, dəyərlərin itməsi, ailənin dağılması və bu baxımdan da insanın şəxsi həyatına, şəxsi inkişafına diqqət göstərə bilməməsi ilə bağlı şərtlərdir. Təbii ki, biz bunun tərəfdarıyıq və Azərbaycanda da reallaşmasını təkidlə tövsiyə edirik və gözləyirik. Yəni burada çox mühüm məqamlar və şərtlər var. O şərtlərdən birincisi vaxtın düzgün bölgüsüdür. Artıq texnologiya imkan verir ki, bizim 4 gün, 5 gün, 1 həftəyə gördüyümüz işləri 2, 3, maksimum 4 gün ərzində yekunlaşdıra və özümüzə 3 gün diqqəti ayıraq. Yəni bu şəxsi inkişaf üçün lazımdır, həm də ailə varsa, övladlarının tərbiyəsinə diqqət ayırmaq üçündür. Düşünürəm ki, yəni çox ağıllı və düşünülmüş layihədir və bu pilot layihəsi özünü effektiv şəkildə doğruldar".
Həmidə İBRAHİMLİ