"Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"
Ölkəmizdə son illər sığınacaqlara müraciət edənlərin sayı çoxalıb. Artıq sığınacaq rəhbərləri belə vətəndaş qəbulu üçün sığınacaqda yer olmadığını bildirirlər. Sığınacağa daha çox müraciət edənlər isə zorakılığa məruz qalmış qadınlardır.
Nə üçün sığınacaqlara bu qədər müraciət var? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev dedi ki, sığınacaq tərzi bizim cəmiyyət üçün xarakterik tərz deyil.
Onun sözlərinə görə, sığınacaq bizim cəmiyyətdə son bir neçə il ərzində aktuallaşıb:
"Bizdə həmişə ənənəvi cəmiyyət olub. Ənənəvi cəmiyyət də özü özünü tənzimləyən sistem kimi idi. Açıq etiraf etmək lazımdır ki, bəzən məişət zorakılığı məsələsini daha çox gender aspektinə fokslayırlar. Gender aspektinin özü də feminist dalğanın təsirindədir. Bəzən feminizmi genderlə qarışdırırlar. Çox əfsuslar olsun ki, bizdə məişət zorakılığını bəzən feminizmin təsiri altında şərh edirlər. Yəni məişət zorakılığı təkcə kişinin qadına qarşı olan zorakılığı anlamına gəlməməlidir. Eləcə də qadın tərəfindən kişiyə olan müxtəlif emosional, psixoloji və fiziki zorakılıqlar var. Eyni zamanda ailədə uşaqlara qarşı valideynlərdən biri və ya hər ikisi tərəfindən edilən zorakılıqlar var. Məişət zorakılığının bu qədər çox aspekti olmasına rəğmən bəzən feminist dalğanın təsiri ilə məişət zorakılığını gender aspekti üzrə fokslayırlar. Guya ancaq qadınlara qarşı zorakılıq var. Bunu hətta bir sıra telekanallarda sürətli şəkildə, davamlı şəkildə təbliğ edirlər. Bu da qadınların böhranlı anlarda çətin şəraitdə dözümsüzlüyünə gətirib çıxarır. Bu, prosesə tolerant yanaşmanın qarşısını alır və xırda bir böhran vaxtı dərhal hüquq-mühafizə orqanlarına müraciət edilir və yaxud da ki, sığınacaqlara müraciət olunur. Bu işdə hesab edirəm ki, qeyri-hökümət təşkilatlarının da qeyri-adekvat "maarifləndirmə" texnologiyalarında problemlər var. Münaqişəsiz ailə təsəvvür olunmazdır, münasibətlər həmişə hamar olmur. Müxtəlif sosial şəbəkələrdə və yaxud da ki, televiziya kanallarında haradan qidalanmağı bəlli olmayan verilişlər var. Bu verilişlərdə məişət zorakılığını daha çox qadına qarşı zorakılıq fonunda təbliğ edirlər və qadınlarda dözümsüzlük yaradırlar. Beləliklə də qadınlar xırda bir məişət münaqişəsi olan kimi dərhal sığınacaqlara müraciət edirlər. Hesab edirəm ki, belə məsələlərin qarşısını almaq üçün çox yaxşı olar ki, Ailə Böhran mərkəzlərinin sayı artsın. Yəni o deməkdir ki, münaqişəli ailələr rəsmi şəkildə hüquq-mühafizə orqanları tərəfindən və Ailə Qadın və Uşaq Komitəsi tərəfindən qeydiyyata alınsın. Həmin münaqişəli ailələrlə sosial işçilər, psixoloqlar iş aparsın. Ailə məsləhətçisi institutu yaradılmalıdır. İnstitut münaqişəli ailələrlə, böhranlı ailələrlə işləməlidir və prosesi onlar tənzimlənməlidir. Düzdür, Mediasiya Şurası adlı bir qurum yaradılıb. Ancaq hesab edirəm ki, Mediasiya Şurasının da bu istiqamətdə fəaliyyət sferası bir qədər məhduddur, Həm də hələ ki, gözlənilən effekti vermir. Çünki onlar daha çox boşanma ərəfəsində olan ailələrin, sivil və münaqişəsiz boşanmalara dəstək göstərir. Ancaq hesab edirəm ki, yeni yaranan qurum olduğuna görə hələ ki, bunun tam öhdəsindən gələ bilmir".
Sosioloq vurğuladı ki, ümumiyyətlə, münaqişəli ailələrə düzgün istiqamət verilmir və dərhal olaraq hüquq-mühafizə orqanlarının yolu göstərilir:
"Yaxud da sığınacaqların yolu göstərilir. Halbuki ailələrlə iş aparmaq lazımdır və örnək ailələrin nümayəndələrindən ibarət qrup münaqişəli ailələrlə iş apara bilər. Eyni zamanda sosial işçilər və psixoloqlar iş apara bilər ki, bu ailə böhranlarının qarşısı alınsın, sığınacaqlara müraciət edilməsin".
Humay İSGƏNDƏRLİ