"Əgər biz bu cür içkiləri evə alıb gətiririksə, uşaqlar da içəcək və..." - Ekspertdən XƏBƏRDARLIQ

 15:47 02.02.2024     953

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə çıxış edən deputat Sabir Rüstəmxanlı bildirib ki, elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. 

“Coco-Cola”, “Fanta”lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur", - deyə millət vəkili narazılığını bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov söylədi ki, tərkibinə görə "Coca-Cola" və "Fanta" kimi şirin, qazlı içkilər yalnız su, müxtəlif ətirləndirici maddələr, kofein, karbon qazı, şəkər və müxtəlif konservantlardan ibarətdir:

"Soyuq və qazlı olması tərkibindəki şəkər miqdarının içildiyi zaman hiss olunmamasına səbəb olsa da, əslində bir stəkan "Coca-Cola"nın tərkibində təxminən 28 qram şəkər var. Bu şəkər miqdarı 7 şəkər kubuna (qənd) uyğundur. Bir stəkandan çox "Coca-Cola" içdiyiniz zaman bu miqdar çoxalır və nəticədə çox qeyri-sağlam miqdarda sadə şəkər qəbul edilir. Bunun xaricində, tərkibindəki turşuluq miqdarı və süni dadlandırıcılar sayəsində orqanizmə müxtəlif şəkildə zərər verə bilər, xüsusilə, əgər tez-tez içilirsə. Məsələn, diş çürükləri, piylənmə, yuxu problemləri, asılılıq, böyrək xəstəlikləri, susuzluq, yüksək təzyiq, ürək xəstəlikləri, hamiləlikdə qəbulu xüsusilə təhlükəlidir".

O vurğuladı ki, tədqiqatlara görə, daimi kofein qəbulu stimullaşdırıcı təsiri sayəsində vərdiş və asılılıq yarada bilər:

"Coca-Cola"nın tərkibindəki kofein miqdarı qəhvə ilə müqayisədə daha az olsa da, çox miqdarda "Coca-Cola" içmək vərdişi olan insanlarda asılılıq yarana bilər. Bu vəziyyət "Coca-Cola" asılılığı olaraq bilinir və içilmədiyi zaman gərginlik və baş ağrısı problemlərinə səbəb ola bilər. Bütün bu sadalananlardan belə bir nəticə çıxartmaq olar. Biz sağlamlığımıza və övladlarımızın sağlamlığına cavabdehik. Ona görə də ilk növbədə özümüz, sonra da övladlarımızın gələcəyi üçün onlara nümunə olmalıyıq. Əgər biz bu cür içkiləri evə alıb gətirir və içiriksə, uşaqlar da təbii ki, içəcək və istəyəcəklər. Uşaq orqanizmi tər-təmizdir və həssasdır və bu cür qeyri-sağlam qidalar daha tez və daha pis şəkildə öz mənfi təsirini göstərəcəkdir".

Humay İSGƏNDƏRLİ