"Qidalarımızın əksəriyyəti sağlamlıqdan çox uzaqdır" - Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ

 17:49 02.02.2024     1494

Bildiyimiz kimi, ötən gün Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. İclası zamanı deputatlar bir sıra məsələlərə toxunub. Həmin məsələlərdən biri də qidaların tərkibiylə bağlı olub. Belə ki, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, süni yolla yaradılmış qidalar reklam olunur.

Deputat eyni zamanda vurğulayıb ki, bəzi qidalar narkotik kimi vərdiş yaradır:

"Coco-Cola, “Fanta”lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir".

Müzakirə olunan məsələ ilə bağlı Redaktor.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova dedi ki, Azərbaycan vətəndaşı olaraq və eyni zamanda Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri olaraq millət vəkillərinə bu məsələni parlamentdə qaldırdığı üçün öz adından təşəkkür edir:

O vurğuladı ki, illərdir bu problemlərlə mübarizə aparırlar:

"İstər maarifləndirmə yönündə, istər bu kimi məhsulların tərkibinin araşdırılması yönündə bir çox işlər aparırıq. Burada da məhz əsas məqsədimiz Azərbaycanımızın gələcək genefondunun qorunması, sağlam cəmiyyətin formalaşması durur. Təbii ki, sağlam orqanizmin formalaşması üçün birinci növbədə sağlam qidalanması çox önəmlidir. Amma qidalarımızın əksəriyyəti sağlamlıqdan çox uzaqdır. Millət vəkillərimizin sözündə çox böyük həqiqət durur və acı reallıqlar durur. İstər paketlənmiş qidalarda, istər "fastfood" qidalarında kifayət qədər kimyəvi qatqı maddələri var ki, bunların əksəriyyətinin xüsusiyyəti, insanın ağzında ənənəvi dad reseptorlarının pozulması və asılılıq yaratmaq kimi xüsusiyyətləri var. Bunlar da artıq özünü göstərir. Davamlı olaraq həmin qidalarla qidalanan insanlarda artıq heç bir təbii qida istəyi olmur, təbii qidadan zövq ala bilmirlər. Eyni zamanda da, "çin duzu" adı altında tanınan sintetik mənşəli monosodium qlütamat və yaxud da mononatrium qlütamat demək olar ki, restoranlara gətirilən hazır qidaların bir çoxunda bundan istifadə olunur. Təbii qida kimi görünən salatların yanında verilən souslarda da istifadə olunur. Paketlənmiş atışdırmalıq dediyimiz çipsilərdə, suxariklərdə və peçenyelərdə də istifadə olunur. Qazlı rəngli içkilər var ki, bunların tərkibində də yenə monopotassium qlütamat və natrium benzoat adlı maddələr var. Bunlar birbaşa olaraq mərkəzi beyin sisteminin funksiyasını sıradan çıxarmaqla yanaşı eyni zamanda asılılıq yaradır. İnsanlar həmin içkiləri içdikdə nə susuzluğu yatır, nə də orqanizmin mayeyə olan tələbatı ödənilir. Sadəcə olaraq o dadın davamlı olaraq ağızda davam etməsi üçün içir. Həmin içkilərin içindəki həddindən artıq çox şəkər miqdarı orqanizmin günlük qəbul edəcəyi şəkər miqdarından çoxdur ki, şəkər də elə asılılıq yaradan maddələrdən ən birincisidir".

Mütəxəssis söylədi ki, həmin qazlı, şirin içkilər xüsusilə də piylənməyə, obeziteyə, həzm sisteminin pozulmasına, ürək damar xəstəliklərinin yaranmasına səbəb olur.

"Ümumiyyətlə, bu kimi xoşagəlməz hallardan qorunmaq üçün birinci növbədə yaxşı olar ki, təbii qidalara, xüsusilə də 20-25 yaşa qədər olan şəxslər qidalanmasında daha təbii, mənşəyi bəlli olan yerdə hazırlanan, daha çox evdə hazırlanan təbii qidalara üstünlük verməlidir. Həmin o qazlı rəngli içkilərdən deyil, gün ərzində orqanizmin maye balansını qoruyacaq təmiz sudan istifadə etmək lazımdır ki, bu da ən gözəlidir. Digər bir təhlükə isə enerji içkiləri adı altında satılan zəhərli, zərərli məhsullardır. Bəli, zəhər deyirik, ona görə ki, bədənin təbii funksiyasının pozulmasına gətirib çıxardır. İçdikdən 10-15 dəqiqədə sonra süstlük, yorğunluq, diqqət əksikliyi və yenə də ürək damar sisteminin, qan dövranının pozulmasına gətirir. Bunlar da birmənalı şəkildə gənclərə tövsiyə olunmayan içkilər, qidalar sırasındadır", - deyə Məhsəti Hüseynova bildirdi.

Humay İSGƏNDƏRLİ