"Yavaş-yavaş inhisarçıları bazardan çıxarmaq mümkün olacaq, azad rəqabət yaranacaq" - AÇIQLAMA

 17:54 06.02.2024     874

Bildiyimiz kimi, bu il bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb.

Belə ki, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Hər il ölkədə pensiya və ya müavinət artımı zamanı süni qiymət artımı da yaşanır. İnhisarçılar səbəbsiz şəkildə ərzaq məhsullarının qiymətini qaldırırlar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi  komitəsinin üzvü Vahid Əhmədov dedi ki, həmişə müəyyən maaş, pensiya və müavinətlər artan kimi qiymətlər qalxır.

"Sanki bazarlara deyirlər ki, qiymətləri qaldırın. Dövlət çalışır ki, bunun qarşısını alsın, çünki Antiinhisar Xidməti (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - red.) bununla məşğuldur. Qiymətlərlə əlaqədar monitorinq aparılır.  Amma son vaxtlar mən hiss edirəm ki, qiymətlərdə o qədər ciddi artım yoxdur. Müəyyən qədər stabilləşmə var. Bu, yalnız bizdə deyil, bütün dünyada da hiss olunmağa başlayır. Mən inanmıram ki, bu pensiya artımına görə qiymət artımı olsun. Biz artıq Rəqabət Məcəlləsini qəbul etmişik, Antiinhisar Xidməti işləyir. Bazarda müəyyən qədər inhisarçılığın qarşısı alınacaq. Mən demirəm, birdən-birə bu mümkün olacaq, amma yavaş-yavaş müəyyən inhisarçıları bazardan çıxarmaq mümkün olacaq, azad rəqabət yaranacaq. Antiinhisar Xidmətinə göstəriş verilib ki, mütəmadi monitorinq keçirsin, lazımi yerdə xəbərdarlıq edilsin. Xidmətin geniş fəaliyyəti də var, yəni bütün rayonlarda fəaliyyət göstərir. Amma daha da genişləndirməyə ehtiyac var", - deyə deputat bildirib.

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli söylədi ki, qiymət bahalaşması 2024-cü ildə də davam edəcək:

"Amma bir müsbət xəbər ondan ibarətdir ki, 2024-cü ildə inflyasiya səviyyəsi 2023-cü ilə müqayisədə aşağı düşəcək. Əgər 2023-cü ildə 8.8 faiz inflyasiya var idisə, 2024-cü ildə Mərkəzi Bank və hökumət 5 faiz ətrafında inflyasiya gözləyir. Bunun özü müsbət məqamdır. Burada təbii ki, əlavə pul kütləsi gələndə iqtisadiyyatda da məhsuldarlıq artmayanda, qiymət səviyyəsinin artması təbiidir. Məhsul bolluğu yoxdursa, pul kütləsi artırsa, qiymət səviyyəsinin artması iqtisadi qanunauyğunluqdur. Amma qeyd etdiyim kimi, Mərkəzi Bank hesab edir ki, inflyasiya aşağı düşəcək. Bir çox mülahizələr də var, dünyada ərzaq qiymətləri aşağı düşür, eyni zamanda enerji qiymətlərində eniş var. Amma risklər də var. Məsələn, müxtəlif geopolitik, hərbi və logistik risklər. Amma ümumi şəkildə 2024-cü il üçün daha məqsədəuyğun inflyasiya səviyyəsi gözlənilir. İnhisarçılığın qarşısının alınmasına gələndə isə, Rəqabət Məcəlləsi qəbul edilib, prezident iyul ayında qüvvəyə minməsi üçün sərəncam da imzalayıb. Rəqabət orqanının təşkil edilməsi nəzərdə tutulur. Bu qanuna, məcəlləyə qədər də qanunvericilik aktları var idi, amma inhisarçılığa qarşı mübarizədə biz effektiv fəaliyyət görmürdük. Bəzən inhisarçılar daha güclü olurdular, qanunun üstündən keçə bilirdilər. Ümid edək ki, Rəqabət Məcəlləsi qəbul ediləndən sonra təşkil edilən rəqabət orqanı qanunvericiliyin onun qarşısında qoyduğu vəzifələri daha yaxşı icra edə biləcək. Amma indi yaxın aylarda belə bir gözlənti yoxdur. Ancaq ümidlər var ki, Rəqabət Məcəlləsi ortaya çıxandan sonra hökmran mövqedən istifadənin, razılaşdırılmış üfüqi müqavilələr, karter sazişlər nəticəsində qiyməti artıraraq vətəndaşlara ziyan vurulmasının qarşısı alınacaq".

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc olunub.