Həmin insanlar analizdən keçməlidir - İnfeksionistdən yayılan virusla bağlı ÇAĞIRIŞ
Hazırda ölkədə insanlar arasında bir virus yayılmaqdadır. Simptomları boğaz ağrısı, baş ağrısı və yüksək hərarətdir. Virusa yoluxanlar isə daha çox gənclər və orta yaşlı nəslin nümayəndələridir. Cəmiyyətdə virusun koronavirusun (COVİD-19) bir ştammı olması şayiəsi də gəzir.
Virusun yayılma səbəbi nədir? Qarşısını almaq üçün hansı addımlar atılmalıyıq? Virus həqiqətən də koronavirusun ştammı ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan infeksionist Vasif Əliyev dedi ki, ümumiyyətlə, qış dönəmində bütün respirator infeksiyalar daha çox yayılır:
"Amma hazırda insanlar arasında yayılan virusun hansı virus olduğuna dair bir məlumat yoxdur. Çünki həmin insanlar analizdən keçməlidir. Bunun üçün də koronavirus dönəmindən xatırladığınız kimi burundan yaxma alınmalıdır ki, virusun nə olduğu bəlli olsun. Çünki bu qış dönəmində bütün viruslar yayıla bilir, koronavirusun bir ştammı kimi fikirlər səsləndirir. Yəni cəmiyyət bunu test etmədən heç kim deyə bilməz ki, bu hansı növ virusdur və hansı ştammıdır. Ona görə mütləqdir ki, insanlar bir testdən keçsinlər. Ondan sonra konkret olaraq bilinər ki, bu virusun hansı növüdür. Amma ümumi baxdığımızda bu virusların çoxu elə simptomatik şəkildə müalicə olunduğuna görə çox insanlar və həkimlər test verməyə ehtiyac duymurlar. Bu virusların hamısını dəstəkləyici və simptomatik yolla müalicə etmək olur. Bunlara qarşı mübarizə üsulları eynidir".
Humay İSGƏNDƏRLİ