"Sudan istifadə sahəsində vəziyyət o qədər də ürəkaçan deyil" - Ekoloq

 17:54 28.02.2024     489

Bu gün Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda dinləmələr keçirilib.

Dinləmələrdə iştirak edənlər əhalinin sudan istifadəsi ilə bağlı narazılıqlarını ifadə edib və bir sıra təklif irəli sürüblər.

Maraqlıdır, ölkədə su ilə bağlı vəziyyət necədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan ekoloq Rövşən Abbasov bildirdi ki, sudan istifadə sahəsində vəziyyət o qədər də ürəkaçan deyil.

Onun sözlərinə görə, su ehtiyatlarımız xeyli azalıb:

"Həm xarici ölkələrdən gələn su ehtiyatlarımızın azalması, həm də daxilən Azərbaycanda formalaşan su mənbələrimizin sululuğunun azalması baş verir. Bunun fonunda bizə daha çevik, daha mükəmməl su idarəçiliyi lazımdır. Hesab edirəm ki, Azərbaycanda təcili olaraq su hövzə təşkilatları yaradılmalıdır. Bu hövzə təşkilatları bütün bizim çay hövzələrində olan problemlərimizin inventarlaşdırılması və müəyyən edilməsi ilə məşğul olmalıdır. Faktiki biz ümumi şəkildə öz problemlərimizdən danışırıq, hələ də harada, nəyin baş verdiyini bilmirik. Buna görə də həmin o təşkilatlar vasitəsilə, yəni çay hövzə təşkilatları vasitəsilə su ehtiyatlarının inventarlaşdırılması, sudan istifadə vəziyyətinin dəqiq öyrənilməsi, spesifik problemlərin müəyyən edilməsi çox vacibdir. Bizdə bu hövzə idarəçiliyinə keçid və əvvəlcə qanunvericilikdə öz əksini tapmalıdır. Daha sonra buna uyğun institusional dəyişikliklər olmalıdır. Yəni yeni yaradılmış Su Ehtiyatları Dövlət Agentliyi bu prosesi uğurla apara bilər. Təbii ki, çay hövzə təşkilatları inteqrasiyalı hövzə idarəçiliyinə keçiddə çox mühüm rol oynayacaqlar".

Həmidə İBRAHİMLİ