Bu avtomobil yolu yenidən quruldu - VİDEO

 14:43 28.02.2024     171

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Siyəzəndə Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunu əsaslı şəkildə yenidən qurub.

Bu barədə Redaktor.az-a AAYDA-dan bildirilib.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 10 metrə qədər genişləndirilib. Layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınıb.

Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.