Ucuzdur, amma səbəb olacağı xəstəliklərin müalicəsi qat-qat BAHA BAŞA GƏLİR

 17:40 28.02.2024     285

Bildiyimiz kimi, ötən gün Milli Məclisdə ucuz dönərlərlə bağlı müzakirələr olub. Millət vəkili Kamilə Əliyeva bildirib ki, dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir.

"Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir. Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır – dönərxanalar əti haradan və neçəyə alır?", - deyə deputat qeyd edib.

Bəs, bu ucuz dönərlər nə qədər keyfiyyətlidir? İnsanlarımız bu kimi ucuz qidaları niyə istifadə edirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov söylədi ki, son dövrlərdə dönərlə bağlı müxtəlif fikirlər səslənir, yaranan problemlər tez-tez müzakirələrə səbəb olur. 

"Əvvəlcə, dönərlə bağlı yaranan bu mübahisəni belə izah etmək olar: dönər hazırlayarkən gigiyena qaydalarına əməl olunmur, dönər hazırlamaq üçün istifadə olunan ət məhsullarının keyfiyyəti və qida dəyəri aşağıdır, düzgün şəraitdə saxlanılmır, tam bişməmiş və ya əksinə, həddindən artıq çox bişmiş dönər məhsulları da ishala səbəb olur və ya kanserogen təsir göstərir. Bəzi istehsalçılar maya dəyərini aşağı salmaq üçün vaxtı keçmiş, təzə olmayan, qeyri-sağlam ətdən istifadə edirlər. Bu isə öz növbəsində, qida zəhərlənmələrinə səbəb ola bilir. Asan və tez başa gələn, qiyməti ucuz, küçələrdə gigiyena qaydalarına uyğun olmayan şəraitdə hazırlanan, keyfiyyətsiz qidalar insan sağlamlığı üçün olduqca təhlükəlidir, qida zəhərlənməsi, mədə-bağırsaq xəstəlikləri, allergiya, artıq çəki problemləri və asılılığa səbəb olur. Eyni zamanda dönər və digər "fastfood" qidaların tərkibindəki şəkər, monosodium qlutomat, yəni Çin duzu, həddindən artıq asan əldə olunan kalori, yanında içilən şəkərli və qazlı içkilər, bu qidaları yedikdən sonra hiss edilən "xoşbəxtlik" - əslində, asılılıq hissi, daha sürətli və ucuz əldə edilməsi insanları bu qidalara yönləndirir. Ancaq bu cür qidalanmanın mənfi nəticəsini qısamüddətli təsiri ilə ölçmək olmaz. Nə üçün? İnsanlar "daha ucuz, daha sürətli, daha "ləzzətli" adı ilə, ailəsi, dostları ilə vaxt keçirtmək üçün, əylənmək və ya evdə yemək bişirməmək üçün bu qidalara yönəlirlər. Ancaq bu bir illüziyadır. Bu cür qidalar ucuz, sürətli və əlçatan olduğu üçün insanlar aldanır, amma səbəb olacağı xəstəliklərin müalicəsi qat-qat baha başa gəlir", - deyə ekspert bildirdi.

Fərid Səfərov qeyd etdi ki, bir sözlə, dönər və digər "fastfood" qidalardan uzaqlaşmaq üçün güclü maarifləndirmə işləri aparılmalıdır:

"Bu cür ziyanlı qidaların reklamına da nəzarət yoxdur, gün ərzində dəfələrlə efirlərdə, yollarda, şəhərin istənilən yerində bu cür reklamlarla qarşılaşmaq olur. Həmçinin qidadan başı çıxmayan, heç bir anlayışı olmayan istənilən insan istədiyi yerdə bir "dönərxana" açır və heç bir qaydaya riayət etmədən ucuz qiymətə keyfiyyətsiz, heç bir qida dəyəri olmayan, olduqca təhlükəli satışla məşğul olur. Bu cür hallar nəzərə alınmadıqca, sağlamlığımız da əldən gedəcək, pulumuz da. Sağlam qida sağlam gələcəkdir".

Humay İSGƏNDƏRLİ