"Bundan yüngül həyat tərzi keçirən insanlar kədərlənə bilər ki, bu yol niyə bağlandı?"

 14:37 05.03.2024     372

Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Məlumata görə, Xaqani bağı ("Molokan" bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu məsələ təxminən üç ildən çoxdur müzakirə olunur.

Onun sözlərinə görə, bu barədə müxtəlif təkliflərlə çıxış olunub:

"Orada yaşayan insanlar var, onların evlərinin yanğın təhlükəsizliyi ola bilər, təcili yardım xidmətinin daxilolma məsələsi ola bilər. Yəni bu məsələlər nəzərə alınmaqla bu işi görmək olar və artıq belə bir addım atıldı. Bu iş görüldü və insanlar da çox məmnundur. Yalnız orada “parkovşik”lər narazılıq edə bilər ki, pul qazanırdılar, onu edə bilməyəcəklər. Və yaxud da avtomobillə gəlib orada, park ətrafında şou göstərən, yüksək səslə musiqi dinləyən, gələnə-gedənə sataşan, yüngül həyat tərzi keçirən bəzi insanlar kədərlənə bilər ki, bu yol niyə bağlandı? Amma ümumən şəhərin mərkəzidir, insanların sıx olduğu bir məkandır və gözəl bir park var. Bu parkın ətrafında nəqliyyatın hərəkətinə hər hansı bir ehtiyac yoxdur. Digər tərəfdən, ümumən həmin küçəyə daxil olmaq üçün Zərifə Əliyeva küçəsində hər gün axşam saatlarında tıxac yaranırdı. Yəni darısqal küçələrə təbii ki, iş üçün gələn azdır. 100 nəfərdən 5-i iş üçün gəlir. Qalanı orada kofe içməyə, əylənməyə gəlir.

Ona görə də bu işləri də bu park məsələsi ilə birlikdə həll etmək lazımdır. Düzdür, indi yaxınlıqda elə bir geniş parkinq yoxdur. Bir dənə parkla üzbəüz mərtəbəli parklanma yeri var. Bir neçə mərtəbədən ibarətdir. Amma onu da deyim ki, yəni bu, test rejimidir. Əgər uğurlu alınsa, ciddi bir problem yaratmasa, davamlı şəkildə bu iş görüləcək. Çox güman ki, həftə sonları, ümumiyyətlə həmin küçələrə giriş məhdudlaşdırılacaq, yalnız orada yaşayan sakinlər daxil ola bilər. Onlara da yəqin ki, xüsusi kartlar veriləcək, əraziyə daxil olarkən kartlardan istifadə eləsinlər. Beləliklə, orada yaşayan insanların əsəbləri qorunacaq. İstirahət edən insanlar rahat və təhlükəsiz olacaqlar. Yəni bu baxımdan düşünürəm ki, o yolun bu formada tənzimlənməsi, bu yeniliyin o ərazidə tətbiqi yalnız müsbət dəyərləndirilməlidir".

Həmidə İBRAHİMLİ