"Tikinti sahəsində problem hələ də davam edir"

 17:59 06.03.2024     358

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə bir neçə millət vəkili tikinti şirkətlərinin özbaşınalığı ilə bağlı fikirlər səsləndiriblər.

Belə ki, deputat Zahid Orucun sözlərinə görə, Bakıda tikinti şirkətləri kütləvi olaraq, vətəndaşların hüquqlarını pozur.

Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycanda müəyyən tikinti şirkətlərinin icazə almadan söküntü və tikinti işləri aparırdığı hər kəsə məlumdur.

Məsələ ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Ramil Osmanlı söylədi ki, tikinti şirkətlərinin özbaşınalığı ilə bağlı onlara da müraciət daxil olur:

"Bu məsələ ilə bağlı millət vəkillərinin belə çarəsiz qaldığı bir durumda, bu sahədə fəaliyyət göstərən ekspertlərin prosesə qarşı mübarizə aparmaq imkanı və ya bu mübarizədə hansısa bir irəliləyiş əldə etmək imkanı məhduddur. Həmin millət vəkilləri şəxsən bilirlər ki, ölkədə tikinti biznesinə kimlər rəhbərlik edir və s. Amma məsələ burasındadır ki, bunu heç kim açıq şəkildə ifadə edə bilmir və ya ifadə etməkdən çəkinir. Hətta bununla bağlı ombudsman belə narahatlıq ifadə etdi, ayrı-ayrı şəxslər narahatlıq ifadə edir. Bununla bağlı çoxsaylı, məhkəmə mübahisələri var. Eyni zamanda xeyli sayda işi istintaq orqanı araşdırır, hətta cinayət işi başlanılıb və s. Amma məsələ burasındadır ki, biz bu problemi aradan qaldıra bilməmişik, bu problem hələ də qalmaqdadır və davam edir". 

Humay İSGƏNDƏRLİ