Sükan arxasında video izləyən sürücü ilə bağlı SƏRT QƏRAR
Sosial şəbəkələrdə “Baku Bus”a məxsus 211 nömrəli marşrut avtobusunun sürücüsünün təhlükəsizlik qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb. Videoda sürücünün avtomobil yolunda mobil telefon izləməsini və günəbaxan tumu çırtlamasını görmək mümkündür. Görüntülərdən də aydın olur ki, sürücü yola baxmaq əvəzinə nəqliyyat vasitəsində daşıdığı sərnişinlərin həyatını riskə ataraq video izləyir.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı “BakuBus” MMC açıqlama verib.
Açıqlamada deyilir:
"Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtdaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılmışdır. Məsələ tərəfimizdən dərhal araşdırılmış, sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilmişdir.
Qeyd olunan halın “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilmiş və onun Əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilmişdir.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.
Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik".