"Avtomobilləri "28 May"da saxlamaq sərf etmirdi" - AÇIQLAMA

 13:55 12.03.2024     599

"Xaqani bağı və "28 May" metrosu ətrafındakı ərazinin avtomobillərin girişinə məhdudiyyət qoyulması, qadağan edilməsi Bakının baş planında və insan yönümlü şəhər təsis etmək yönündə atılan addımların tərkib hissəsidir".

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev söylədi.

Ekspert bildirdi ki, Bakı şəhərinin əsas və mərkəzi hissəsinin piyadaların rahat gedib-gələ biləcəyi, səkilərin və parkların geniş olacağı bir ərazilərə çevirmək qarşıya qoyulan prioritet məsələlərdəndir:

"Bəzən bizə elə gəlir ki, belə ərazilər olsa, avtomobil yollarını kəssək, maşınların girişinə məhdudiyyət qoysaq, tıxacları daha da artıracaq. Amma bu ərazilər avtomobillərin sıx hərəkət etdiyi magistral xətlər deyil. İstər Xaqani bağı olsun, istər "28 May" metrosunun yanındakı ərazi olsun, bunlara alternativ var. Bura gələn avtomobillər ya orada iş yerləri olan şəxslərindir, ya orada yaşayanların, ya da müvəqqəti bir iş dalınca gələnlərindir. Onlar səhərdən axşama qədər orada avtomobillərini park edirdilər, amma tariflər tətbiq edildikdən sonra, artıq avtomobilləri orada saxlamaq sərf etmirdi. Ümumiyyətlə, bu atılan addımlar həqiqətən təqdirə layiqdir. Bakının müəyyən yerlərində avtomobillərin girişinə qadağan qoyulması yaxşı haldır. Biz bunu alqışlayırıq. Təbii ki, hər yerdə bu mümkün olmayacaq, lazım da deyil. Amma bəzi ərazilər var ki, hansı ki, planlaşdırılır, orda bu mümkün olacaqdır".

Y.Mustafayevin sözlərinə görə, görülən bu tədbirlər tıxacların aradan qaldırılmasına xidmət etmir.

"Sadəcə, insanlar rahat şəkildə bir yerdən başqa yerə gedə bilməlidir, rahat şəkildə gəzməlidir, səkilər, kəsişmələr insanlar üçün daha əlverişli olmalıdır. Bu yöndə atılan addımlardır. Biz Avropanın və inkişaf etmiş digər ölkələrin paytaxtlarına, böyük şəhərlərinə baxsaq, həmin yerlərdə belə ərazilərin çox olduğunu görərik. Avtomobillərin hərəkətinin intensiv olduğu, o "şah damar" dediyimiz küçələrin olduğu yerlərdə bu cür addım atmaq çətin olacaq. Elə yerdə etmək lazımdır ki, orada nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı zaman çox ciddi şəkildə sıxlığa, tıxaclara səbəb olmasın", - deyə o qeyd etdi.

Humay İSGƏNDƏRLİ