Zahid Oruc yetkinlik yaşına çatmayanların nişanlanmasına görə cəza tələb etdi

 13:17 12.03.2024     322

"Azərbaycanda yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Bu məsələ həllini tapmalıdır".

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün qohum nikahları ilə bağlı ictimai dinləmələrdə çıxış edərkən bildirib.

Deputatın görə, qanunvericilikdə qohum nikahları bir və ikinci dərəcəli qohumluğa aid edilsə də, üçüncü və dördüncü dərəcəli qohumluqlara şamil olunmur.

"Dövlət rəsmilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır.

2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, bunlardan 1880-i həmin qadınların birinci, 120-si qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, bu statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər", - deyə komitə sədri bildirib.