"Mənəvi cəhətdən bir-birinə bacı-qardaş olmalı olanların ailə qurması doğru deyil" - Tahir Kərimli

 16:25 13.03.2024     1301

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə keçirdiyi “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı bir çoxları qohum evliliyinə qarşı olduqlarını bildirdilər. Hətta qohum evliliyinə qadağa qoyulması məsələsi də müzakirə olundu. Təbii ki, əks fikir söyləyənlər də oldu.

Milli Məclisin deputatı Tahir Kərimli məsələ ilə bağlı fikirlərini Redaktor.az-la bölüşüb.

Millət vəkili söylədi ki, bir sıra dövlətlərdə və xalqlarda qohum evliliyi olmur:

"Hətta ruslar əmi qızı, dayı qızı, xala qızı, bibi qızı, bibi oğlu kimi qohumluq əlaqələrinə bacı-qardaş kimi də baxırlar. İkiqat bacı, ikiqat qardaş deyirlər. Ümumiyyətlə, dinlərində və milli adət ənənələrində belə evlilik olmur. Amma bəzi xalqlarda bu mövcuddur. İki nöqteyi nəzərdən qohum evliliyini doğru hesab etmirəm. Birincisi, ona görə ki, mənəvi cəhətdən həqiqətən bir-birinə bacı-qardaş olmalı olan insanların ailə qurması doğru deyil. Mümkün qədər bundan qaçmaq lazımdır. Düzdür, bəzən valideynlər əhd edirlər, göbəkkəsdi edirlər və sair. Düşünürəm ki, indi sivil qaydada bundan qaçmaq lazımdır, mümkün qədər qaçmaq lazımdır. İkincisi isə ondan ibarətdir ki, bir sıra təsdiq olunmuş məlumatlar göstərir ki, tibbi nöqteyi nəzərdən, yəni eyni genin daşıyıcı olduqlarına görə yaxın qohum olanların övladları ya şikəst olurlar, ya sonsuz olurlar. Belə hallara daha çox rast gəlinir. Bunun yenə də həkim tədqiqatına da ehtiyacı var. Mən mənəvi cəhətdən və tibbi, bioloji cəhətdən bunu məsləhət bilmirəm".

Qohum evliliyinə qadağanın qoyulmasına gəlincə, Tahir Kərimli bildirdi ki, bu, hüquqi prosedurdur və birdən-birə qadağan qoyulması çətin olar.

"Çünki bəzi insanlar hələ beynində bu qohumluq evliliyini düzgün hesab edirlər və buna can atırlar. Bu kimi hallar var, bunun haqqında ciddi düşünmək lazımdır. İndidən qadağa qoyulmasına  cəmiyyətimiz və hüquq mühiti hələ hazır deyil", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ