“Sincardi” apteklərdən niyə yoxa çıxıb? - AÇIQLAMA

 13:54 14.03.2024     898

Ölkədə bəzi dərmanların qıtlığı və qiymətləri ilə bağlı məsələ hər zaman gündəmdə olub. Bir dərmanın satışı dayandırılanda, onun əvəzedicisi iki qat qiymətinə vətəndaşlara satılır. 

Ötən gün Milli Məclisin komitə iclasında çıxış edən deputat Rüfət Quliyev bildirib ki, apteklərdə "Sincardi" adlı dərmanı tapmaq olur:

“Ölkədə bəzi dərmanları tapmaq olmur. Belə ki, bir müddət əvvəl “Sincardi” dərmanı axtarılırdı. Həmin dərmanın qiyməti 73 manatdır və bir ay bəs edirdi. Amma indi həmin dərmanı tapmaq olmur. Mənə dedilər ki, artıq o dərman gətirilmir. Onun əvəzi satılır. Həmin əvəzedici dərmanın qiyməti isə bir neçə dəfə baha, 230 manata satılır. Biz xalqı düşünərək, bu kimi addımları atanlara qarşı mübarizə aparmalıyıq”,- deyə o söyləyib.

Bəs "Sincardi"nin satışı nə üçün dayandırılırb?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, "Sincardi" adlı preparat Dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçməyib:

"Bu səbəbdən ölkəyə idxal edilmir. Amma, qeydiyyatda eyni tərkibli müxtəlif dərmanlar var ki, onların idxalı davam edir".

"AzəriMed" dərman şirkətindən isə bildirildi ki, "Sincardi" əməkdaşlıq etdikləri apteklərin bazasında yoxdur.

"AvroMed" dərman şirkəti ilə də əlaqə saxlmağa çalışsaq da, zəngimizə cavab verilmədi.

Humay İSGƏNDƏRLİ