Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU

 13:52 29.03.2024     501

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə sorğular keçirib.

Redaktor.az xəbər verir ki, respondentlərə “Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-i Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.