"Azərbaycanda qanunla it əti də satıla bilər" - Ekspert

 11:23 30.03.2024     585

At əti istehlak etmək bizim millətimizin adətində yoxdur. Lakin ölkədə istənilən ətin satışına da qadağa qoyulmayıb. İstər it, istər pişik - istənilən ət qanunla satıla bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Qazaxıstandan Azərbaycana yanvar ayında 14,53 ton at əti gətirilməsi haqqında yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, at ətinin hansı sahələrdə istifadə olunacağı ilə bağlı məlumatlar bəlli deyil və bu qida məhsullarında varsa, mütləq qeyd olunmalıdır:

"Dövlətin bir sənədi olmalıdır, ənənəvi olmayan ətlər adı ilə göstərilməlidir və ya qadağa olmalıdır. 1963-cü ildə nəşr olunan kitabda SSRİ-də yalnız Azərbaycan eşşək ətinin yeyildiyi yer kimi xarakterizə olunub. Sonradan məlum oldu ki, bunu ermənilər edib. Bizi vəhşi və aç xalq kimi tanıtmaq üçün ediblər. Azərbaycanda at əti idxal olunursa, deməli o, insanlara yedizdirilir. Ola bilər ki, bu ət heyvanxanalarda istifadə olunmaq üçün alınıb. Çox təəssüf ki, onun son ünvanı barədə məlumat yoxdur. Biz marketlərdə ətlərin qablaşdırılmadığını, üzərində etiketlərin olmadığını görürük. İstisna olunmur ki, bunlar ən müxtəlif yerlərdə istifadə oluna bilər".

Ekspert bildirib ki, belə hallara qarşı ölkədə aparılan lazımi tədbirlər yetərli deyil və istehlakçıları ət məhsullarını mağazadan almağa inadırmaq lazımdır:

"Ölkədə illərdir murdar leşlərin satılması tapılaraq ifşa olunur. DİN bu sahədə bir sıra uğurlu əməliyyat keçirib. Belə halların kökünün kəsilməsi üçün daha da fəal işləməlidirlər. Əgər Qazaxıstandan bu məhsul yemək məqsədi ilə gətirilirsə, kolbasa məmulatlarında istifadə olunursa, mütləq məhsulun üzərində yazılmalıdır. Milli xüsussiyyətlərimizə uyğun olmayan ətlərin satışı qadağan olunmalıdır. Bu, istehlakçıları narahat edən məsələdir. AQTA, icra hakimiyyəti, hüquq-mühafizə orqanları nə qədər çalışırlarsa, küçədə heyvan kəsilməsinin qarşısını ala bilmirlər. Tələb varsa, təklif də olacaq. Niyə tələb var? Çünki insanlar marketlərə inanmır. Gözləri ilə gördükləri əti almaq istəyirlər".

Xatırladaq ki, mətbuatda bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at ətinin gətirildiyi və ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat) olması ilə bağlı məlumatlar yayılıb.