"Hər xəstəlik əlillik deyil" - Nazir saxta əlillik alanlardan DANIŞDI

 13:24 02.04.2024     423

Saxta yollarla əlillik alanların əksəriyyəti sistemdən kənarlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

Nazir bildirib ki, haqqı çatan şəxslərin əlillik dərəcəsi almasında hər hansı problem yoxdur.

Sahil Bazbyev qeyd edib ki, bəzən tibb müəssisələrindən gələn natamam sənədlər səbəbindən müraciətlərə imtina cavabı vermək halları olur:

“Vətəndaş qəbulunda müraciətlər olur və qiymətləndirilməsi də aparılır. Onu da qeyd edim ki, hər xəstəlik də əlillik deyil. Müəyyən xəstəliyi olan vətəndaş əlillik tələb edir. Lakin o halda əlillik təyin edilir ki, xəstəlik həmin şəxsin əmək fəaliyyətinə, həyat qabiliyyətinə ciddi təsir etmiş olur.

Ona görə hər kəs Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə güvənsinlər və rahat müraciət etsinlər. Bəzən tibb müəssisələrindən gələn natamam sənədlər səbəbindən imtina halları olur. Lakin əyani müayinədən sonra hüququnu tam şəkildə təmin edə bilirik. Təbii ki, əyani müayinə də yalnız vətəndaş müraciətindən sonra baş tuta bilər”.