"Azəriqaz"ın rəhbəri vətəndaşları qəbul etdi

 16:22 18.04.2024     535

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüş keçirib.

Redaktor.az-ın“Azəriqaz”a istinadən verdiyi məlumata görə, qəbulda Birlik rəhbəri ilə yanaşı, qurumun Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər.

Görüşdə Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Tərtər, Füzuli, Beyləqan və Kürdəmir rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı əsasən yaşayış məntəqələrinə, yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı məsələlərə toxunulub.

A. Məmmədov qəbula üz tutan 52 vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.