Azərbaycanda zəlzələ riski qiymətləndiriləcək

 10:57 10.05.2024     574

Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək.

Redaktor.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan zəlzələ tədqiqatları dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmır:

"Hazırda yeni böyük beynəlxalq layihə üzərində işləyirik. Mayın 13-də beynəlxalq toplantımız olacaq. ABŞ, Kanada və digər ölkələrdən qonaqlarla birlikdə Azərbaycanın seysmik zonalarında zəlzələ riskinin qiymətləndirilməsi üzərində iş aparılacaq. Azərbaycan seysmogen bölgədir. Xəzər dənizi, Şamaxı, İsmayıllı, Lənkəran Astara, Gəncəbasar, Naxçıvan və digər bölgələrdə aktiv potensial zəlzələ ocaqları var. Ölkəmiz zəlzələ baxımından 8-9 ballıq ərazidə yerləşir. Buna görə də zəlzələlərin tədqiqatı və kadr hazırlığı sahəsində böyük irəliləyiş var".