Jurnalistlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında - FOTOLAR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonuna mediatur təşkil edib.
Redaktor.az-ın Lənkərana ezam olunan əməkdaşı xəbər verir ki, mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Səfər çərçivəsində mediatur iştirakçıları Lənkəran RMX ilə yanaşı, Lənkəran Regional Perinatal Mərkəzində də olublar.
Lənkəran RMX-nın direktoru Ağabala Kəlbiyev icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
O bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin strukturunda, təchizatında yeniliklər olub: “360 çarpayılıq xəstəxanada Poliklinika, Radiologiya, Fizioterapiya, Cərrahiyyə, Urologiya, Reanimasiya, Təcili Yardım, Terapiya, Laboratoriya, Hemodializ, İnvaziv kardiologiya və digər şöbələr fəaliyyət göstərir. RMX-nın tabeliyində 7 Ailə Sağlamlıq Mərkəzi, 60-dan çox kənd həkim/tibb məntəqəsi əhaliyə xidmət göstərir”.
A.Kəlbiyev deyib ki, əsaslı yenidənqurma işləri aparılaraq, 75 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəz yaradılıb. Burada Doğum, Hamiləliyin patologiyası, Cərrahiyyə, Neonatologiya və digər şöbələr fəaliyyətə başlayıb. Mərkəz küvəz, fototerapiya, yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova vurğulayıb ki, artıq üçüncü ildir Lənkəran rayonunda icbari tibbi sığorta sistemi tətbiq edilir: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. İldən-ilə sığortadan yararlanmaq üçün edilən müraciətlərin sayı artır. 3 il ərzində xəstəxanada icbari tibbi sığorta hesabına 2 milyondan çox tibbi xidmət göstərilib, 21 604 cərrahi xidmət icra olunub”.
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, Lənkəran RMX-nın müasir avadanlıqlarla təchizatı, xəstəxanada yaradılan şərait cənub bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir. Xəstəxanada İnvaziv kardiologiya və ürək-damar cərrahiyyəsi, Urologiya şöbələri, dördüncü tip laboratoriya şöbəsi isə yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib".
Daha sonra mediatur iştirakçıları xəstəxanada yaradılan şəraitlə tanış olublar.
Aytac XƏLİL