"Nadir Adilovun psixologiya ilə bağlı anlayışları sıfır həddindədir" - Sosioloqdan İTTİHAM

 18:28 16.05.2024     534

Ölkəmizdə psixoloq fəaliyyəti ilə məşğul olan yüzlərlə şəxs var. Bəzən ali təhsilini tamamlamayan, başqa ixtisas bitirən şəxslər psixoloq fəaliyyəti ilə məşğul olurlar. Odur ki, indi bir çox şəxslər, ailələr psixoloqlardan kömək əvəzinə, əksinə ciddi travma alırlar.

Bu da təbii ki, psixoloq fəaliyyəti məşğul olan əsl mütəxəssislərin fəaliyyətinə xələl gəitirir.

Qeyd edək ki, ölkəmizdə bir sıra sahələr üzrə şuralar yaradılıb və orada həmin sahədəki problemlərlə bağlı müzakirələr aparılır, müvafiq qərarlar verilir. Ötən gün Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfrans zamanı Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov psixoloqlarla bağlı narazılıqlardan danışaraq təklif edib ki, Azərbaycanda Psixoloqlar Şurası yaradılsın.

Bəs belə bir şura yaradıla bilərmi?

Sosioloq Nail Cəlil Redaktor.az-a öncə bildirdi ki, ölkəmizdə Azərbaycan Psixoloqlar Assosiasiyası adlanan bir təşkilat fəaliyyət göstərir:

""Psixoloji xidmət haqqında" qanun da qəbul olunub, qanunda müəyyən tənzimləmə mexanizmi prosedurları göstərilib. Sadəcə olaraq kiminsə özünü məşhur psixoloq kimi təqdim etməsi, bu təqdimatı qəbul edənlərin günahıdır. Sosiologiya, psixologiya, politologiya, sosial iş, ümumiyyətlə hər bir sahədə peşəkarlıq vacib şərtdir. O cümlədən bunu təklif edən şəxs, Mediasiya Şurasının sədri Nadir müəllimidir, bu təklifi başa düşürük. Amma Nadir müəllimin özünün də psixologiya ilə bağlı anlayışları sıfır həddindədir. Ona görə bu təklif peşəkarlardan gəlsəydi daha çox anlaşılan, başa düşülən idi. Mən peşəkar sosial-psixoloq olaraq onu da qeyd edim ki, 650-dən artıq psixologiya və tədqiqat istiqaməti var və aydın məsələdir ki, heç bir psixoloq 650 tədqiqat istiqamətini axıra qədər əhatə edə bilməz. Yəni ki, sosial-psixoloqun, etno-psixoloqun və yaxud bu sahələrin qovşağında sosial-psixoloji xidmət göstərən sosial işçinin fəaliyyəti, hədəfləri tam başqadır. Çünki burada bir uzlaşma, əlaqələndirmə, bir komanda işi olmalıdır. Yəni psixologiya tək bizim gördüyümüz sosial yönlü istiqamətlərdən ibarət deyil. Psixolgiya çox kəsişən və çox diferensial bilik sahəsidir. Buna münasibət bildirən insanlar da ən azı müəyyən bir psixologiya təhsili barədə 4-5 illik bir ümumi biliyə, tədqiqata, yaxud təhsilə malik olmalıdırlar ki, bu barədə müəyyən fikirə sahib olsunlar. Təklifimiz ondan ibarətdir ki, ümumiyyətlə hər hansı bir sahədə təklif irəli sürməmişdən əvvəl bu məsələni araşdırsınlar. Peşəkarlarla qeyri-peşəkarların fəaliyyəti qarşılaşdırılır və qarşı qarşıya qoyulur. İttiham ediləndə də bütün psixoloqları ittiham edir".

N.Cəlil bildirdi ki, psixoloqlarının falçılarla müqayisəsi çox qüsurludur.

"Nəzarət mexanizminin mən tərəfdarıyam, amma bunu məhz sosial tədqiqatçılar, psixoloqlar təşkil etməlidirlər. Mediasiya barədə fikirlər yürütmək və burada psixologiyaya keçid, psixoloqları ittiham etməkdir və bazar münasibətləri çərçivəsində psixoloqları bazardan sıxışdırıb çıxarmaq iddiasıdır. Bu baxımdan düşünmürəm ki, o təkif səmimi və sağlam düşüncədən irəli gələn təklifdir. İttiham etmək həmişə asandır, istənilən peşə sahəsində istənilən şəxslə bağlı. Bayram Nurlunu da psixoloq kimi təqdim ediblər, ümumiyyətlə, ali təhsili yoxdur və yaxud Elçin Bayramlı var, sosioloq kimi özünü təqdim edir. Efirdə məndən daha çox ona efir vaxtı ayrılıb, halbuki adamın ümumiyyətlə ali təhsili yoxdur. Qeyri-peşəkarların psixologiyaya münasibət bildirib, təklif səsləndirməsi də yanlış və birtərəfli yanaşmadan irəli gəldiyi üçün qəbul edilən deyil", - deyə sosioloq bildirdi.

Humay İSGƏNDƏRLİ