Sürücülərin nəzərinə! - Bakıda məşhur körpü SÖKÜLƏCƏK
20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Redaktor.az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi və təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib, hərəkətin müvəqqəti təşkilinə dair sxem hazırlanıb.
Həyata keçirilən kompleks işlər çərçivəsində nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq.
Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. Bu məqsədlə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq. S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər. Nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər prospekti istiqamətində hərəkət birtərəfli olacaq.
Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.
Qeyd edək ki, 28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur.