Ölkədə süni boşanmalar artıb - Hüquqşünas səbəbləri AÇIQLADI

 16:39 17.05.2024     585

Hazırda ölkədə süni boşanma və evlənmə hallarının sayı artıb. Vətəndaşlar süni şəkildə nikaha daxil olaraq və ya ayrılaraq bir çox şeydən qanunsuz halda yararlanmağa çalışırlar. Bunlar sosial müavinət almaq, ikinci bir evə sahib olmaq kimi hallardır.

Son zamanlar isə xüsusilə süni boşanma hallarının sayında artım var. Belə ki, işğaldan azad olunmuş ərazilərə qaytarılacaq bəzi şəxslər Bakıda və ya digər şəhərlərdə onlara dövlət tərəfindən verilmiş evi saxlamaq üçün süni boşanmalara gedir. Əvvəllər məcburi köçkün qadın qaçqın olmayan bir kişi ilə ailə qururdusa, o zaman onun statusu itirilirdi. Bu zaman süni boşanmalara gedilirdi və məcburi köçkünlük statusunu yenidən bərpa edib yeni tikilmiş binalardan ev ala bilirdilər. İndi isə tutaq ki, Bakıdakı evi saxlamaq üçün bu yola əl atılır.

Nəticə olaraq bu cür saxta hallar - süni boşanmalar ölkə üzrə boşanmanın sayına təsir edir və ortaya xoşagəlməz boşanma statistikası çıxır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Əsabəli Mustafayev dedi ki, bu cür halların yaşadığının şahididir:

"Təkcə, ev məsələsinə görə yox, həm də sosial müaviət almaq üçün də saxta boşanma üsulundan istifadə edənlər az deyil. Elə alınır ki, qadın uşaqlara baxdığı üçün işləmir, qazancı yoxdur, bunlar sosial müavinət üçün müraciət edirlər. Belə məsələlər də var. İcra hakimiyyətləri nəzdində olan ev növbələrinə çatmaq üçün, müxtəlif üstünlüklərdən istifadə etmək üçün bu yola əl atırlar. Kişi gedir Rusiyada pul qazanmağa, orada da ailəli getməyi sevmirlər, qəbul etmirlər. Ona görə burada boşanırlar ki, guya subaydır. Burdakı da müavinət üçün müraciət edir, ordakı da subaylığından istifadə edərək tutaq ki, pul alır və ya vətəndaşlıq alır. Yəni belə hallara bizdə rast gəlinir. Boşanmalar bir çox hallarda adını çəkdiyim kimi maddi durumlarla bağlıdır. Ailələrin maddi təminatını dövlət gücləndirməlidir, sosial təminatını gücləndirməlidir, uşaqlı ailələrin, uşaqlarını tənha saxlayan qadınların sosial müavinət təminatını gücləndirməlidir. Söhbət təkcə saxta boşanmalardan getmir və çox məsələlərdən gedir. Bütün bu hüquqdan, qanundan kənar məsələləri aradan qaldırmaq üçün insanların sosial təminatını gücləndirmək lazımdır ki, hətta həqiqi boşanmalara yer olmasın. Çünki bizim təcrübəmizdə boşanmaların çoxu məişət zorakılığı, insan alveri, daha çoxu maddi təminatının zəif olması ilə bağlıdır".

Humay İSGƏNDƏRLİ