"Psixoloq olmayanları, təcrübəsiz həkimləri televiziyaya çıxardıb reklam edirlər" - Gülnar Orucova
"Bu gün uşaqlarda test edəndə birinci soruşuruq ki, gün ərzində televizora, telefona, planşetə nə qədər vaxt baxır? Yəni onun o televizora, planşetə həddən çox baxması zehninin geri qalmasına səbəb olur".
Bunu Redaktor.az-a televizyaların, sosial medianın uşaqlara təsiri, onların böyüməsində rolu haqqında danışan psixoloq Gülnar Orucova dedi.
Psixoloq söylədi ki, televizora həddən artıq baxan uşaqlar, normal uşaqlardan 30 faiz intellekt baxımından, qavrama baxımından geri olur:
"Bu gün uşaqlar ən çox bizim yerli telekanallara deyil, xarici telekanallara baxırlar. Uşaqda sıfır yaşdan etibarən şüuraltı yazılmağa başlayır və o yaşdan başlayaraq uşaq həmin o dilləri eşidir. Görürsünüz, indi Azərbaycanda dil açan uşaqların çoxu türk dilində dil açır. Niyə? Çünki türk telekanallarına daha çox baxırlar. Türk və rus dilində dil açan uşaqlar daha çox olur. Əslində bizim televiziyalarda da uşaq saatı var, xüsusilə ARB Günəş kanalı var, çox maraqlı telekanaldır. Ümumiyyətlə, uşaqların televizora marağı hədsiz olur, xüsusilə cizgi filmlərinə. Çünki cizgi filmlərində kadrlar rəngli və tez-tez dəyişən olur. Mən xatırladıram ki, nəyisə tez-tez görürüksə, deməli, beynimizdə bir fikir formalaşır, bunu etmək olar. Yəni bu gün mediada görürsünüz elə uşaqlar ortaya çıxır ki, həqiqətən digər uşaqlara daha pis təsir etmə gücünə malikdirlər. Yəni ya övladımıza nəzarət etməliyik, nələri izləyir, ya da ki, müəyyən zaman çərçivəsində onları nəzarətdə saxlamalıyıq. Bu gün xüsusilə sosial şəbəkələrin uşaqların həyatına mənfi təsirləri böyükdür. Birincisi, onlarda bir sıra xəstəliklərə yol açır. İstər göz xəstəliklərinə, istər onurğa dayaq hərəkət aparatı problemlərinə, skalyoz, kifoz, bu kimi problemlərə yol aça bilir. Uşaqlarda aqressivlik, gərginlik yarada bilir. Şiddətə meyillik yarada bilir ki, bu uşaq da əgər baxırsa, bunu görürsə, sabah onu öz ailəsinə, digər günlər isə böyüyəndə cəmiyyətə daşıyacaq. Biz Ofeliya Sənaninin apardığı "Cırtdan" kino zalından çox şey öyrənirdik, amma bu gün televiziyalar o qədər də öyrədici funksiya daşımır. Bilirsiz, bu da nəylə əlaqəli oldu? Çünki televiziyaya bu gün pul verib çıxmaq mümkündür. Yəni bu gün televiziyaya bəzən heç psixoloq olmayan insanları çıxardırlar, psixoloq kimi təqdim edirlər. Yetərli savadı olmayan insanları, yetərli təcrübəyə malik olmayan həkimləri çıxardır, savadlı kimi təqdim edirlər və sonradan bunun fəsadlarını görmüş oluruq".
Gülnar Orucovanın fikrincə, bu gün uşaqların inkişafında televiziyanın elə də böyük rolunu görmürük:
"Televiziya ən çox çal-çağıra, reklama, əyləncəyə meyllənib. İnsanların beyni ancaq əyləncə istəyir, öyrənmək, inkişaf etmək istəmir. Öyrənmək, inkişaf etmək istəmədiyi üçün də, media nümayəndələri də ancaq onları yazmağa məcburdur. Baxırıq ki, oxuyucu kütləsi zəifdir, əvvəlki oxuyucu kütləsi qalmayıb. Vlideynlər uşaqların əlinə üç yaşına qədər ümumiyyətlə telefon verməsinlər, üç yaşından sonra isə uşaqlara əgər tam danışırsa, o zaman onlara televiziyadan istifadəyə icazə versinlər. Bu gün televiziyadan da istifadə deyəndə insanlar nə başa düşür? Yutubu qoşurlar televizora, uşaq televizorda öz dilini deyil, digər bir ölkənin dilində cizgi filmlərə baxır. Bu da onun gələcəkdə sosiallığında, özünə dost qazanma bacarığının formalaşmasında, nitqində, adaptasiya olmağında bir sıra problemlərə yol açacaq".
Humay İSGƏNDƏRLİ