"Xala qızı ilə xala oğlunun evliliyində problemlər az olur" - Həkim qohum nikahlardan DANIŞDI

 15:00 21.05.2024     1381

Ölkəmizdə qohum evliliyinə yanaşma iki cürdür. Bunu həm dəstəkləyənlər var, həm də absurd hesab edənlər. Dəstəkləyənlər əsasən qohum evliliyi həyat keçirən şəxslərdir. Absurd olduğunu anlayanlar isə qohum evliliyinin fərqindədirlər. Qohum evliliyi qan xəstəliklərinə, sinir-əzələ xəstəliklərinə, ürək-damar sistemi xəstəliklərinə və əsas da metabolik xəstəliklərə gətirib çıxarır. Araşdırmalara görə, yad evliliklərinə nisbətən qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı iki dəfə çoxdur. 

Azərbaycanda da qohum evliliyinin fəsadları, qüsurlu uşaqların doğulması sayı ifrat həddə çatıb. Artıq rəsmi qurumlar, həkimlər, millət vəkilləri qohum evliliklərinin qadağan olunması üçün çağırışırlar edirlər.

Hətta dünyanın bir çox ölkələrində - Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, İrlandiya, Cənubi Koreya, Yeni Zelandiya, Tacikistan və sair ölkələrdə qohum evliliklərinə qadağa qoyulub. 

Həkim-pediatr Sevda Novruzova qohum evliliklərindən doğulan uşaqlar haqqında Redaktor.az-a danışdı.

Həkim dedi ki, əgər nəsil şəcərəsində ya ata, ya da ana tərəfindən hər hansı bir problem varsa, o bir neçə ildən sonra da olsa ortaya çıxa bilər:

"Bu problem qohum evlilikləri olanda ortaya çıxa bilir. Xüsusən də qohum evlilikləri daha çox bir atadan doğulan uşaqlar arasında müşahidə olunduqda daha çox kəskin büruzə verir. Bu nə deməkdir? Əmi qızı və əmi oğlu evliliyində hansısa problemin, xəstəliyin büruzəsi daha qabarıq şəkildə görünür, daha tez-tez rast gəlinir. Qohum evliliyindən doğulan uşaqlarda qan xəstəlikləri, əqli inkişafdan geri qalma, müxtəlif nevroloji pozğunluqlar və s. kimi hallar müşahidə olunur. Ana qohumları evliliyində, yəni ki, xala qızı-xala oğlu evliliyində bu problemlərə nisbətən daha az rast gəlinir. Ola bilər ki, qohum evlənən cütlüyün doğulan uşağında bir xəstəlik müşahidə olunmasın. Amma doğulan uşaq gələcəkdə yenə öz qohumu ilə evlənərsə, bu zaman həqiqətən kəskin şəkildə büruzə verən müxtəlif xəstəliklər görünə bilir. Ona görə də ta qədim zamanlardan hamı qohum evliliklərinə qarşı çıxıb. İndi də bildiyiniz kimi, müxtəlif nevroloji xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər həddindən artıq çoxdur və ona görə də qohum evliliklərinə hamı qarşıdır ki, bu xəstəliklərin sayı artmasın".

Humay İSGƏNDƏRLİ