Ailədə uşaq sayının azalması ölkədə milli tərkibin dəyişməsinə gətirib çıxaracaq? - AÇIQLAMA
Son illər Azərbaycan ailələri azuşaqlılığa üstünlük verirlər. Çox az sayda ailə çoxuşaqlıdır. Artıq belə fikirlər var ki, ailədə uşaq sayının azalması ölkədə milli tərkibin dəyişməsinə gətirib çıxara bilər.
Ailələri çoxuşaqlı olmağa necə sövq edə bilərik? Bununla bağlı hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosioloq Humay Axundzadə dedi ki, hazırda Azərbaycanda azuşaqlı ailələrin sayı artmaqdadır:
"Lakin qeyd etmək lazımdır ki, bu son 10 ilin, hətta 20 ilin sosial prosesləri deyil, ailədə uşaq sayının azalması son 40-50 il ərzində baş verən uzunmüddətli sosial transformasiyanın davamıdır və qlobal tendensiyadır. Belə ki, 70-ci illərdə Azərbaycanda hər qadına düşən uşaq sayı, dünyaya gətirdiyi uşaq sayı 4.7 idisə, son illərdə bu rəqəm 1.7-1.8 arasındadır. Bu prosesləri hansısa bir amilə bağlamaq düzgün deyil. Çünki qlobal olaraq, dünyaya gətirilən uşaqların sayının azalması bir sıra məsələlərlə bağlı olub. Onlardan biri təbii ki, qadınların daha çox təhsil və işlə əlaqədar olaraq daha az uşaq dünyaya gətirməsidir. Burada da amil kimi, yəni sırf səbəb qadınların təhsil alması, işləməsi deyil. Səbəb ondan ibarətdir ki, təhsilli və işləyən qadınlar üçün ailə və iş balansını saxlamağa yönələn dəstək mexanizmləri bəzən çatışmır və bu da uşaq sayına təsir göstərir. Digər məsələ təhsilli orta təbəqə üçün valideynliklə bağlı olan təsəvvürlər, ideallar dəyişir. Əgər əvvəlki dövrlərdə uşağın yalnız fiziki tələbatlarını ödəmək, məsələn, yemək vermək, geyindirmək kifayət idisə, indi övlad böyütmək üçün daha böyük məsrəflər lazım olur və valideynlər də bunu gözə alaraq ailə planlaşdırılmasında daha az uşağı dünyaya gətirməyi tərcih edirlər".
O vurğuladı ki, uşaq sayının azalmasının gələcəkdə milli tərkibə təsiri haqqında olan fikir də populist fikirdir:
"Yəni bunun elmi əsaslarına şübhə ilə yanaşıram. Sosial, demoqrafik tədqiqatlar onu göstərir ki, 2050-ci ilə qədər Azərbaycanda əhalinin sayı artmağa davam edəcək. Yəni uşaq sayı azalan kimi dərhal əhali sayı azalmır. Çünki övlad dünyaya gətirəcək yaşda olan kifayət qədər əhali var, əhalinin demoqrafik strukturunda reproduktiv yaşda olan əhalinin sayı kifayət qədərdir. Ona görə də burada mən panik yanaşmanı dəstəkləməzdim".
Çoxuşaqlılığa sövq etmək məsələsinə gəldikdə isə sosioloq dedi ki, insanlar reproduktiv strategiyalara bu və ya digər mexanizmlərə çox az tabe olur.
"Bəzən belə bir müzakirə gedir ki, əgər uşaqlara görə uşaqpulu verilərsə, onda uşaq sayı çox olacaq. Belə deyil. Yəni insanlar yalnız maddiyyata söykənərək qərar qəbul etmirlər. Hətta uşaqpulu ilə bağlı yeni bir mexanizmi olarsa belə, yenə də bu uşaq sayına belə bir ciddi şəkildə təsir göstərməyəcək. Sadəcə uşaqların dünyaya gətirilməsinə, ardıcıllığa təsir göstərə bilər. Məsələn, gəncdir, onlar onsuz da fikirlərinə tuturlar ki, iki övlad sahibi olacaqlar, bunu da daha az intervalla edəcəklər. Amma uşaqpulu var deyə iki deyil, dörd uşaq dünyaya gətirmək qərarına gəlmək məsələsi sual altındadır. Bu baxımdan hesab edirəm ki, həm uzunmüddətli proses olduğunu nəzərə alaraq, müxtəlif amillərin təsirini nəzərə alaraq bu cəmiyyət inkişaf etdikcə baş verən labüd hadisədir. İnsanlar valideynliyə daha da şüurlu yanaşdıqca, övlad sayı üzərində daha çox düşünür və çox uşaq dünyaya gətirmək fikrindən vaz keçirlər. Müəyyən dəstək mexanizmi ondan ibarət ola bilər ki, əmək fəaliyyətində olan qadınların ailə-iş balansını daha rahat etməsi üçün, məsələn, uşaq bağçalarının sayı, uşaqlara qayğı ilə bağlı əlavə dəstək olsun. Buna önəm verilsə, müəyyən qədər təsir göstərə bilər. Bu, obyektiv sosial prosesdir. Yalnız Azərbaycan cəmiyyətində deyil, bütün dünyada baş verir. Bu prosesin müddəti, zamanı heç onillikləri deyil, bəlkə də 100 ilə yaxın bir müddəti əhatə edir. Burada hansısa bir iradla, qınaqla çıxış etməyi düzgün hesab etmirəm", - deyə Humay Axundzadə bildirdi.
Humay İSGƏNDƏRLİ