"OBA" market qurdlu konfet satır? - AÇIQLAMA - VİDEO
"OBA" marketdən alınan məhsulların keyfiyyətsizliyi ilə bağlı məsələ tez-tez gündəmə gəlir.
Bu dəfə isə iddia olunur ki, “OBA” marketlərdən birindən alınan konfetdən qurd çıxıb. Sözügedən problemi yaşayan vətəndaş bunu, videolentə alaraq ictimailəşdirib.
Belə ki, Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 140A ünvanında yerləşən “OBA” market filialından konfet aldığını deyən xanım konfetdən istifadə etmək istəyərkən məhsulun içində qurd olduğunu görüb. Qurd tək bir konfetdən yox, hamısının içərisində var. Xanım alıcı da qurdların konfetin içində çıxma prosesini tam dəqiqliklə çəkib. Sözügedən görüntü də sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.
Redaktor.az olaraq məsələnin araşdırılması üçün "OBA" marketlər şəbəkəsinə sorğu ünvanladıq.
Şəbəkənin xarici kommunikasiyalar üzrə mütəxəssisi Raziyə Axundzadə bildirdi ki, “OBA” marketlər şəbəkəsi xalqımızı bol çeşid və qənaətli alış-verişlə təmin etmək üçün 1000-dən çox filialla xidmət edir.
"Xidmət etdiyimiz hər bir vətəndaşımızın irad və təklifləri bizim üçün dəyərlidir və bütün əlaqə kanallarımız daimi olaraq açıqdır. Şikayətləri birbaşa qəbul etmək və vətəndaşlarımıza daha yaxşı xidməti təmin etmək üçün biz bu iradları inkişafımıza dəstək olaraq görürük. Lakin qərəzli şəkildə imicə xələl gətirmək, “OBA” marketlər şəbəkəsinin adından istifadə etməklə reytinq yığmaq qəti şəkildə etik deyil və bu barədə ehtiyac olduğu zaman məsələlərin hüquqi müstəvidə həlli üçün müraciət olunacaqdır.
Abbas Mirzə Şərifzadə 140A ünvanında yerləşən “OBA” market filialından alındığı iddia olunan konfetlərin içindən qurd çıxması ilə bağlı yalan və böhtan xarakteri daşıyan xəbərin tirajlanmasına görə “OBA” marketlər şəbəkəsi tərəfindən hüquqi müstəvidə tədbir görüləcək. Heç bir sübut olmadan “OBA” marketlər şəbəkəsinin imicinin zədələnməsinə yönəlik, qərəzli şəkildə paylaşılan bu və bu tipli bütün xəbərlərlə bağlı media qurumlarını ayıq – sayıq olmağa çağırırıq", - "OBA" marketlər şəbəkəsinin nümayəndəsi bildirdi.
Humay İSGƏNDƏRLİ