Nikahla əlaqədar tibbi müayinədən keçməyə görə yeni qayda müəyyənləşir

 14:11 03.06.2024     1029

Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda müəyyənləşir.

Redaktor.az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihədə qeyd edilib ki, mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycanın səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndinə əsasən tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycan Respublikasına gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.

Məhz bu müddəalardan irəli gələrək təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsəsən Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.