Saatlıq maaş sisteminə keçid Azərbaycanda necə tənzimlənəcək? -  İyulun 1-dək...

 14:45 04.06.2024     2935

Böyük ehtimalla yaxın gələcəkdə Azərbaycanda da minimum əməkhaqqının hesablanmasında ölçü vahidi kimi aylıq yox, saatlıq müddət əsas götürüləcək.

Redaktor.az xəbər verir ki, bu məsələ Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Yol Xəritəsi 2024-cü ilin aprelin 2-də Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən təsdiq olunub.

Gundem.az Yol Xəritəsi sənədinə əsasən bildirir ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlamalı və onu 2024-cü ilin ilin iyulun 1-dək aidiyyəti üzrə təqdim etməlidir.

Qeyd edək ki, ölkəmizdə minimum əməkhaqqının aylıq müəyyən edilməsi tələbi Əmək Məcəlləsində öz əksini tapıb. Məcəllənin 155-ci maddəsinə əsasən, minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Aylıq əməkhaqqı məsələsi qanunvericilikdə öz əksini tapdığına görə, saatlıq əməkhaqqı sisteminə keçmək üçün qanunlarda da dəyişiklik edilməlidir. Prinsipcə, minimum əməkhaqqının aylıq hesablanmasında bir problem yoxdur. Amma bu cür hesablama qaydası o halda səmərəli olur ki, işçi ay ərzində iş vaxtı normasını işləmiş olsun.

Əmək Məcəlləsinin tələbinə əsasən, aylıq iş vaxtı norması günlük və həftəlik hesablanır. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Bu halda işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox işləməməlidir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Amma bu halda da həftəlik iş müddəti 40 saatı ötməməlidir.

Əmək Məcəlləsinə görə, həftə ərzində altıgünlük iş müddəti məyyən edilə bilər. Bu halda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olmamalıdır.

Təcrübədə iş saatının standart formada tətbiqi mümkün olmadığından və bəzi hallarda işçi ay ərzində tam çalışmadığından ona ödənişin aylıq hesablamalarla həyata keçirilməsi çətinlik yaradır. Bu baxımdan saatlıq minimum əmək haqqının müəyyən edilməsi daha əlverişli hesab edilir.

Xüsusən işçilərin hüquqlarının qorunması və daha çevik mexanizmin yaradılması üçün saatlıq hesablamalar əlverişlidir.

Bəzi ölkələrdə, o cümlədən Avstraliya, İsrail, Kanada, ABŞ, Almaniya, İrlandiya, Koreya, Gürcüstan və hətta bir neçə Afrika ölkəsində saatlıq maaş sistemi tətbiq olunur. MDB ölkələrində, Türkiyədə və Avropanın bəzi ölkələrində maaşlar aylıq əsasda müəyyənləşir.

Ölkələr üzrə əməkhaqqı müxtəlif formada hesablansa da onların müqayisəsini bir saata bölməklə aparmaq olar.

Saatlıq hesabladıqda dünyada ən yüksək əməkhaqqı Avstraliyadadır. Burada işçi bir saata görə minimum 17,5 dollar alır. Bu göstərici Böyük Britaniyada 15,7 dollar, ABŞ-da 15 dollar, Almaniyada 14,6 dollar, Kanadada 12 dollardır. Saatlıq minimum maaş MDB ölkələrindən Rusiyada 3,1 dollar, Qazaxıstanda 2 dollar təşkil edir.

Azərbaycanda isə təxmini hesablamaya görə minimum əməkhaqqının saatlıq məbləği 1,35 dollardır (2,3 manat).  (sfera.az)