“Xruşşovka” mənzili alanlar hansı problemlə üzləşəcək? - AÇIQLAMA

 11:52 06.06.2024     3960

Son vaxtlar ötən əsrin 60-cı illərində inşa edilmiş və sakinlər arasında “xruşşovka” kimi tanınan binalarda mənzillərin kütləvi şəkildə satışı diqqəti cəlb edir. Bu da bəzi sualları ortaya çıxarır.

Tutaq ki, müştərilər bu binalara maraq göstərsələr, o zaman həmin “xruşşovka” binalardan mənzil alan şəxslər gələcəkdə hansı problemlərlə üzləşə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd etdi ki, ilk növbədə daşınmaz əmlak bazarına təsir göstərən amillər təkcə bazarın özündə baş vermir. Onun sözlərinə görə, həmin amillərə informativ, psixoloji və ictimai təsirləri də əlavə etmək mümkündür:

“Gələcəkdə köhnə binaların sökülməsi ilə bağlı baş plan mövcuddur. Bu binalar getdikcə öz istismar müddətini bitirdiyinə görə, yeni binalarla əvəz olunması hökumətin priotetindən biridir. Bu proses həm baş plana uyğun olaraq, həm də vətəndaşların rifah halının yüksəldilməsi məqsədi ilə həyata keçiriləcək. 

Söhbət ondan gedir ki, bu proses o qədər də tez yekunaşan proses deyil. Çünki ilk növbədə qəzalı binaların sökülməsi və bu binalarda yaşayan insanların mənzillə təmin olunması məsələləri var. Bundan sonra növbəli şəkildə digər binalar sökülərək, yerinə yeni binalar tikiləcək. 

Bu plan 1-2 ilə başa gələ bilməz. Sözügedən informasiyanın mediada yayılması müəyyən ajiotaja səbəb olub. Bundan sonra köhnə binalarda yaşayan şəxslər həmin mənzillərin satılması istiqamətində fəallıq göstərir. Məhz elə bazarda olan təklif sayının artması da bu nüansla bağlıdır".

Ekspert hesab edir ki, bu gün həmin “xruşşovka” mənzili alanlar heç bir problemlə üzləşməyəcək.

"Sadəcə olaraq binalar sökülən zaman mənzil sahiblərinə ya müəyyən kompensasiya, ya da alternativ mənzillər təklif ediləcək. Bununla da problem həll ediləcək. Satış məsələsi insanların seçimidir. İnsanlar bu xəbərdən təşvişə düşərək mənzilləri satırsa, bu, heç də həmin məhsullar üçün bazarda yer olmaması demək deyil”, - deyə Vüqar Oruc bildirdi.

Yusif SƏMƏDZADƏ