"Azərbaycanda şirkətlər süni qıtlıq yaradaraq unun qiymətini artırırlar" - AÇIQLAMA

 12:04 06.06.2024     7598

Ölkədə unun qiymətində kəskin artım baş verib. Bir müddət öncə 50 kiloqramlıq un kisəsi 27 manata satılırdısa, hazırda eyni çəkidə olan məhsul 32 manat və daha artıq qiymətə təklif edilir. 

Belə olduğu təqdirdə vətəndaşları bəzi suallar maraqlandırır. Görəsən, bu qiymət artımının səbəbi nə ilə bağlıdır? Qiymət artımı süni yoxsa, təbii baş verir? Şirkətlər bu prosesdə nə cür rol oynayır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qeyd etdi ki, buğda, un və çörək istehsalı zəncirvari olaraq bir-biri ilə bağlı prosesdir və prosesi 5-6 şirkət həyata keçirir:

“Bu şirkətlərin hərəsinin öz seqmenti olmasına baxmayaraq istehsal baxımından özləri arasında əlaqələr mövcuddur. Dünya bazarında buğdanın qiymətində azalma var. Hal-hazırda Rusiya buğdasının tonu 220 dollara düşüb. 

Belə olduğu təqdirdə unun maya dəyəri 45 qəpikdən aşağı düşmüş olur. Ona görə də bu şirkətlər gizli şəkildə razılaşır və bazarda süni qıtlıq yaradaraq unun qiymətini bir qədər artırırlar. Yəni, xaricdə baş verən ucuzlaşmanı görməzdən gələrək ölkə daxilində süni qiymət artımı yaradırlar. Beləlikə də, çörəyin qiymətini sabit saxlamaq mümkün olur".

Ekspert hesab edir ki, əslində bu şirkətlər inhisarçı olmasaydı, yəni qarşısında rəqiblər olsaydı, hal-hazırda ölkədə zavod çörəyinin qiyməti 20-30 qəpik arasında olardı.

"Amma indiki qiymət göz qarşısındadır. Qiymət artımı olan zaman bir ton un təxminən 350-400 dollar arasında dəyişirdi. Hökumətin çörəkçilərə təsir etməməsi üçün unun qiymətində bahalaşma tendensiyası yaradılır. Hesab edirəm ki, burada ya hökumət rəqabət mühiti yaratmalı, ya da həmin möhtəkirlərə təsir etməlidir”, - deyə A.Nəsirli bildirdi.

Yusif SƏMƏDZADƏ