"Başqa millətlər içərisində biabır oluruq, hamı bizə axmaq kimi baxır" - Əhməd Qəşəmoğlu

 16:55 12.06.2024     4880

Xəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikahının qadağan edilməsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik gözlənilir.

Qeyd edək ki, Məcəlləyə təklif olunan bu dəyişiklik ölkəmizdə birmənalı qarşılanmayıb. Bunu sosial şəbəkələrdəki müzakirələrdən də aydın görmək olar.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, belə bir qərarın ilk təşəbbüskarı elə o, özü olub.

“Təxminən 20 ildir ki, məsələ ilə bağlı təbliğat aparıram. Hətta dərslərdə belə bu haqda tələbələri maarifləndirməyə çalışıram. Həmin məsələ Azərbaycanda çox ayıb bir mövzudur. Çünki bir neçə mənfi tərəfləri var. Bu evliliyin reallaşması nəticəsində böyük ehtimalla dünyaya gələn uşaq xəstə olur. Bu tip xəstəliklər bəzən 10, bəzən də 20 yaşdan sonra üzə çıxır. Şəxsən tanıdığım məşhur bir ailədən 30 yaşında oğlanın xəstəliyi üzə çıxdı. Bir çox ölkədə xəstəliyin çarəsini axtarsalar da, həyatını xilas etmək mümkün olmadı. Bu hadisə məhz yaxın qohum evliliyi ucbatından olub. Bu cür evliliklərdə uşaq dünyaya gələnə qədər ailə övladına görə təşviş içində olur. Hətta dünyaya gəldikdən bir müddət sonra da narahatlıq davam edir”, - deyən sosioloq məsələyə dini baxımdan da fikirlərini əlavə etdi:

“Bəzi hallarda belə din adamları bunu düzgün hesab edir. Bu, səhv bir yanaşmadır. İslamda haramın fəlsəfəsinə baxsaq, insan üçün zərərli olan hər şey haram buyurulub. Məsələn, normalda su halal olduğu halda, həddən artıq qəbul edildikdə haram sayılır. Çünki zərər verir. Bir ağsaqqal sosioloq olaraq bildirirəm ki, hansısa din adamı bunu qəbul etmirsə, o, heç İslamın mahiyyətini anlamır. Digər tərəfdən başqa millətlər içərisində biabır oluruq və hamı bizə axmaq kimi baxır. Ona görə də mən uzun müddət bu qərar üçün təbliğat aparmışam”.

Yusif SƏMƏDZADƏ