Açıq havada işlər hansı halda dayandırılmalıdır? - Hüquqşünasdan AÇIQLAMA

 17:52 20.06.2024     652

Xəbər verdiyimiz kimi, son günlər havaların isti keçməsi səbəbi ilə Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb.

Bu kimi halları nəzərə alsaq, insanların, xüsusilə də açıq hava altında fəaliyyət göstərən işçilərin təhlükəsizliyi ilə bağlı sual yaranır:

Bəs görəsən, qanuna əsasən işçilər neçə dərəcəyədək istidə işləməlidir? Bu amil digər kəskin hava şəraitində də keçərlidirmi? Havaların isti keçməsi fonunda onların işləri yarıda dayandırıla bilər?

Mövzu ilə əlaqədar Redaktor.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirdi ki, Əmək Məcəlləsinin 233-cü maddəsində soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması ilə bağlı normalar əksini tapıb:

“Bu normaya görə, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Əmək Məcəlləsinin 2-ci əlavəsində havanın temperaturununun çox soyuq və çox isti olduqda, həmçinin küləkli havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri qeyd olunub.

Belə ki, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir”.

Hüquqşünas əlavə etdi ki, ilin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır:

“Bundan başqa, havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Məcəllədə həmçinin işin xarakterinə (tikinti işləri görüldükdə və ya dənizdə işləyərkən) görə, küləyin gücündən asılı olaraq müəyyən sahələrdə işlərin dayandırılması və ya fasilələr verilməsi də nəzərdə tutulub. 

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir".

Rəşad Əliyev qeyd etdi ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

"İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”, - deyə vəkil bildirdi.

Yusif SƏMƏDZADƏ